Accessibility links

The New York Times: Müharibə başlayandan bəri Rusiyanın 7 mindən çox hərbçisı həlak olub


“The New York Times” (NYT) ABŞ kəşfiyyatının “mühafizəkar hesablamalarına” istinadən yazır ki, fevralın 24-də Ukraynada döyüş əməliyyatları başlayandan bəri Rusiyanın 7 mindən çox hərbçisı həlak olub. Bu, İraq və Əfqanıstandakı müharibələr zamanı 20 il ərzində öldürülən Amerika əsgərlərinin ümumi sayından çoxdur.

NYT-ın məlumatına görə, Rusiyanın 14 minlə 21 min arasında əsgəri yaralanıb. Ümumilikdə bu müharibədə Rusiyanın 150 mindən çox hərbçisı iştirak edir.

Bu məlumatlar qeyri-dəqiq ola bilər. Belə ki, bu məlumatlar media məlumatlarına, rəsmi tərəflərin rəqəmlərinə, peyk şəkillərinə və rus qoşunlarının atəşə tutulmasına dair videolara əsaslanır.

NYT Pentaqondakı anonim mənbələrə istinadən bildirib ki, itkilərin sayının artması Rusiya ordusunun əhval-ruhiyyəsinə təsir edə bilər.

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun itkiləri ilə bağlı məlumatı yalnız bir dəfə, martın 2-də açıqlayıb. Nazirliyin məlumatına görə, Ukraynada Rusiyanın 498 hərbçisi həlak olub, 1597-si yaralanıb.

Ukrayna hökumətinin məlumatında isə Rusiya ordusunda itkilərin daha çox, 13,8 min nəfər olduğu deyilib. Bu rəqəmə yaralıların və məhbusların daxil olub-olmadığı bildirilməyib.

Ukrayna hakimiyyəti eləcə də də müharibə zamanı 4 rus generalının öldüyünü açıqlayıb. Rusiya bu məlumatları təsdiqləməyib.

Ukrayna prezidenti Volodimir Zelenski də Rusiya qoşunlarının genişmiqyaslı işğalının başlanmasından bəri ölkə silahlı qüvvələrinin təxmini itkilərini açıqlayıb. Onun sözlərinə görə, fevralın 24-dən bəri təxminən 1300 Ukrayna əsgəri həlak olub.

Münaqişə tərəflərinin rəsmi nümayəndələrinin verdiyi məlumatların nə dərəcədə doğru olduğunu yoxlamaq mümkün deyil.

XS
SM
MD
LG