Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti keçən ay Rusiyanın işğalı nəticəsində Ukraynada yaranmış humanitar problemləri müzakirə etmək üçün Moskvaya səfər edib.
Piter Maurer Xarici İşlər və Müdafiə nazirlikləri, eləcə də Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndələri ilə müharibə şəraitində olan ölkədə əzabları yüngülləşdirməyin yolları barədə danışmağı planlaşdırır.
“Son həftələr davam edən müharibə, eləcə də Donbasda səkkiz illik münaqişənin yaratdığı dağıntılar böyük olub. Tərəflər iztirabları məhdudlaşdırmaq üçün beynəlxalq humanitar hüququ rəhbər tutan praktiki addımlar amalıdır. Mən keçən həftə Kyivdə oldum və bu addımlarla bağlı hakimiyyətlə müzakirələri davam etdirmək üçün bu həftə Moskvadayam” - deyə, Maurer mətbuata açıqlamasında bildirib.
O, Suriya və Dağlıq Qarabağda da davam edən humanitar məsələlər barədə danışmağı planlaşdırır.
Keçən həftə BMT-nin Qaçqınlar Agentliyi Rusiyanın Ukraynaya təcavüzü genişləndikcə və ölkənin başqa ərazilərinə keçdikcə ölkə daxilində və xaricində milyonlarla ukraynalının humanitar və müdafiə yardımına ehtiyacının artdığı barədə xəbərdarlıq edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, Ukraynanı 3,2 milyondan çox insan tərk edərək, qonşu ölkələrə qaçıb. 2 milyondan çox insan Ukrayna daxilində məcburi köçkün vəziyyətinə düşüb. Təxminən 13 milyon insan isə müharibənin ən çox zərər çəkdiyi ərazilərdədir.
Rusiyanın yaşayış məntəqələrini amansızcasına bombaladığı və mülki infrastrukturu məhv etdiyi yerlərə Mariupol və Sumi kimi şəhərlər də daxildir.
Ukraynanın qərbində yerləşən Lviv şəhəri hücuma məruz qalır. Böyük liman şəhəri Odessaya qarşı təhdidlər artır. Hətta Rusiyanın dəstəklədiyi Ukraynanın şərqindəki separatçı Donbas bölgəsində də humanitar ehtiyaclar daha da aktuallaşıb.