Accessibility links

BMT: Rusiyanın hücumu başlayandan Ukraynada 1417 dinc sakin öldürülüb, 121-i azyaşlı uşaqdır


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukraynada baş verənlərlə bağlı hesabat yayıb. Beynəlxalq təşkilatın məlumatına görə, Rusiya qoşunlarının ölkəyə hücumu başlayandan bəri azı 1417 dinc sakin həlak olub, 2038 nəfər isə ağır yaralanıb.

Təşkilat həmçinin 121 azyaşlı uşağın ölümünü müstəqil şəkildə təsdiqləyə bilib. Belə ki, müharibə zamanı 22 qız və 40 oğlan həlak olub, 59 uşağın cinsini müəyyənləşdirmək mümkün olmayıb. Təşkilatın məlumatına görə, 171 uşaq ağır yaralanıb.

BMT-nin məlumatına görə, ölümlərə ən çox səbəb "ağır artilleriya və raket sistemləri, eləcə də hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı qurğulardan istifadə" olub.

Təşkilatın yaydığı rəqəmlərdə Rusiya qoşunlarının çıxarılmasından sonra Kyiv vilayətində aşkar edilən mülki şəxslərin cəsədlərinin daxil edilib-edilmədiyi barədə məlumat verilmir. Ukraynanın baş prokuroru İrina Venediktovanın sözlərinə görə, Buçada azı 410 mülki vətəndaşın cəsədi tapılıb.

Aprelin 3-də səhər saatlarında jurnalistlər və Ukrayna rəsmiləri Kyivin şimal-qərbində yerləşən Buça şəhərinin küçələrində onlarla insanın öldüyü barədə məlumat verib. Mülki geyimli, bəzən əlləri bağlanmış insan cəsədlərinin şəkilləri Reuters, UNIAN, AFP xəbər agentlikləri tərəfindən yayımlanıb.

Həmin gün beynəlxalq insan haqları təşkilatı Human Rights Watch Rusiya qoşunlarının müvəqqəti nəzarətində olan Ukrayna ərazilərində hərbi cinayətləri haqqında hesabat dərc edib. Bunlar Çernihiv, Xarkiv və Kyiv vilayətləridir.

“Bizim sənədləşdirdiyimiz hallar Ukraynanın mülki əhalisinə qarşı qəsdən törədilən qəddarlığı və zorakılığı əks etdirir. Onlar müharibə cinayətləri kimi araşdırılmalıdır" - deyə, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson bildirib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı hesab edir ki, faktiki rəqəmlər daha yüksəkdir, çünki şiddətli döyüşlərin getdiyi bəzi ərazilərdən məlumat gecikir və bir çox hesabat hələ də təsdiqini gözləyir.

Bu, məsələn, çoxsaylı mülki əhalinin itkiləri barədə məlumatların yayıldığı Mariupol və Volnovaxa (Donetsk vilayəti), İzyum (Xarkiv vilayəti), Popasna (Luqansk vilayəti) və İrpinə (Kyiev vilayəti) aiddir. Bu rəqəmlər təsdiqlənir və yuxarıdakı statistikaya daxil edilməyib.

XS
SM
MD
LG