Accessibility links

Ukrayna Rusiya ilə yeni danışıqlarında suverenliyə üstünlük verir


Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna və Rusiya sülh danışıqlarının yeni raunduna girərkən ölkəsinin suverenliyi və ərazi bütövlüyünün prioritet olduğunu deyib.

"Biz həqiqətən, gecikmədən sülh axtarırıq. Türkiyədə üz-bəüz görüş imkanı və buna ehtiyac var. Bu pis deyil. Nəticəni görək” - deyə, Zelenski bazar günü axşam video müraciətində bildirib.

Bazar günü səhər saatlarında rusiyalı jurnalistlərə telefon söhbətində Zelenski deyib ki, Ukrayna üçüncü tərəfin zəmanəti və referenduma çıxarılacağı təqdirdə sülh sazişinin bir hissəsi kimi neytral statusu qəbul etməyə açıqdır.

Reuters xəbər agentliyi Zelenskinin yardımçısına istinadən Türkiyənin təhlükəsizlik məsələlərində Ukrayna üçün zəmanət ola biləcək ölkələr arasında olduğunu bildirib.

Türkiyə son danışıqlara ev sahibliyi etməyə hazırlaşır. Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bazar günü Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Ərdoğanın ofisinin bildirdiyinə görə, Türkiyə prezidenti bölgədə atəşkəsə çağırıb və daha çox humanitar yardıma ehtiyac olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynaya hücumunun 10 milyon insanın evini, 3,8 milyondan çox insanın isə ölkəni tərk etməsinə səbəb olduğunu bildirib.

Britaniyanın Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, keçən gün “işğal olunmuş Ukraynadakı Rusiya qüvvələrinin mövqelərində əhəmiyyətli dəyişiklik olmayıb” və Rusiya qüvvələri impuls və mənəviyyat çatışmazlığı yaşayır.

Nazirlik bildirib ki, Rusiya Ukraynanın cənubundakı Mariupol liman şəhərini ələ keçirməyə cəhd etdiyi üçün şiddətli döyüşlər davam edib.

ABŞ Dövlət katibi Antoni Blinken bazar günü Rusiya prezidenti Vladimir Putini devirməyə çalışmağın Bayden administrasiyasının siyasəti olmadığını vurğulayıb.

Onun şərhləri prezident Co Baydenin Varşavada çıxışı zamanı Putinin “hakimiyyətdə qala bilməyəcəyini” deməsindən bir gün sonraya təsadüf edib.

Bazar günü Blinken deyib: "Düşünürəm ki, prezident dünən axşam sadəcə olaraq, prezident Putinə Ukraynaya və ya başqasına qarşı müharibə aparmaq və ya təcavüz etmək səlahiyyəti verilmədiyini bildirib".

XS
SM
MD
LG