Accessibility links

Ukrayna ilə Rusiya mülki vətəndaşların bəzi ərazilərdən təxliyəsi ilə bağlı razılığa gəlib


Ukrayna Baş nazirinin müavini İrina Vereşuk çərşənbə axşamı bildirib ki, Rusiya ilə müvəqqəti atəşkəsə riayət etmək barədə razılıq əldə edilib və mülki əhalinin ölkənin şərqindəki Sumı şəhərini tərk etməsinə icazə verilib.

Rusiya Müdafiə Nazirliyi Kyiv, Çerniqov, Xarkiv və Mariupolda əlavə təxliyə dəhlizlərinin yaradılacağını bildirib.

Rusiyanın Ukraynaya təxminən iki həftədir sürən hərbi müdaxiləsi zamanı insanların Rusiyanın hücumlarına məruz qalan ərazilərdən çıxarılması üçün bundan əvvəl edilən bir neçə cəhd baş tutmayıb.

Bazar ertəsi Ukrayna rəsmiləri Rusiyanın ukraynalıları ya Rusiyaya, ya da Belarusa təxliyə edən dəhlizlərin açılması planını rədd edib.

Rusiyanın keçən gecə keçirdiyi hücumlara Ukraynanın şərqində və cənubundakı şəhərlərin bombalanması və Kyivin ətrafının atəşə tutulması da daxildir.

Britaniyanın Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Rusiya ordusunun Kyivə doğru irəliləməsinə mane olmaq üçün paytaxtın kənarındakı yaşayış məntəqələrindən müqavimət göstərdiklərini bildirib.

Böyük Britaniyanın müdafiə naziri Ben Vallas çərşənbə axşamı deyib ki, bu cür müqavimət və təchizat problemləri Rusiya qüvvələrini daha da çıxılmaz vəziyyətə salır. Onun sözlərinə görə, nəticədə Rusiya “fərq qoymadan mülki şəxsləri atəşə tutur”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vəziyyəti müzakirə etmək üçün cümə axşamı Türkiyədə görüşü planlaşdırılıbcək. Kuleba Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa görüş təklif edəcəyini bildirib.

“Biz Ukrayna prezidenti ilə Vladimir Putin arasında danışıqların aparılmasını istəyirik, belə ki, yekun qərarları verən odur” - deyə, Kuleba Ukrayna televiziyası ilə çıxışı zamanı bildirib.

İki tərəf arasında baş tutan bir sıra daha aşağı səviyyədə danışıqlarda fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlayan münaqişənin həllində irəliləyiş əldə edilməyib.

ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi Rusiyanı mülki vətəndaşlara qarşı hücumları dayandırmağa çağırıb.

“Ərzaq və dərmanı içəri buraxın. Xalqın təhlükəsiz şəkildə çıxmasına imkan verin və Ukraynaya qarşı bu müharibəyə son qoyun”, Blinken Latviyanın xarici işlər naziri Edqars Rinkeviçslə Riqada keçirdiyi mətbuat konfransında deyib.

Blinken son günlər həm Putin, həm də Zelenski ilə danışan Fransa prezidenti Emmanuel Makronla görüşmək üçün çərşənbə axşamı Parisə yola düşüb.

Ağ Evin bildirdiyinə görə, prezident Co Bayden bazar ertəsi Fransa, Almaniya və Britaniya liderləri ilə Ukraynadakı vəziyyəti video vasitəsilə müzakirə edib.

“Liderlər Rusiyanın Ukraynaya heç bir səbəb olmadan və əsassız hücumuna görə bədəli artırmaqda qərarlı olduqlarını təsdiqləyib”, Ağ Ev açıqlamasında deyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ukraynada ağırlaşan humanitar vəziyyəti müzakirə etmək üçün bazar ertəsi günortadan sonra toplantı keçirib. BMT-nin humanitar məsələlər üzrə rəhbəri, baş katibin müavini Martin Qriffits Ukraynadakı mülki vətəndaşların “istədikləri istiqamətdə” təhlükəsiz keçidinin təmin edilməsinə çağırıb.

BMT Qaçqınlar Agentliyinin məlumatına görə, Ukraynanı 1,7 milyondan çox insan tərk edib ki, onlardan 1 milyondan çoxu qərbə, Polşaya üz tutur.

XS
SM
MD
LG