Accessibility links

Volodimir Zelenski Fransa şirkətlərini Rusiyanı tərk etməyə çağırıb


Ukrayna prezidenti Volodimir Zelenski Fransa şirkətlərini Rusiyanı tərk etməyə və bir çox Qərb müəssisələrinin Kremlin Ukraynaya qəddarcasına işğalından sonra etdiyi kimi Moskvanın “müharibə maşınına” sponsorluq etməyi dayandırmağa çağırıb.

Martın 24-də Fransa parlamentinə video-müraciətində Zelenski “Fransa şirkətləri Rusiya bazarını tərk etməlidir” deyib.

“Renault, Auchan, Leroy Merlin və başqaları Rusiyanın döyüş maşınına sponsorluq etməyi dayandırmalıdır” - deyə, o əlavə edib.

Rusiyanın fevral 24-də işğalından sonra nüfuzu artan Ukrayna prezidenti ABŞ, Britaniya, Almaniya, İtaliya və İsrail qanunvericiləri də daxil olmaqla, bir sıra qanunverici orqanlarla video bağlantılar vasitəsilə danışıb.

Zelenski Fransa parlamentinə “Mariupol kimi viran edilmiş Ukrayna şəhərlərinin təsvirləri hər kəsin gördüyü Birinci Dünya Müharibəsi fotolarındakı Verdenin xarabalıqlarını xatırladır” deyib.

"Rusiya ordusu hədəflər arasında fərq qoymur. Onlar yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri, universitetləri məhv edir" - deyə, o bildirib.

Qismən dövlətə məxsus avtomobil istehsalçısı Renault ötən ay Moskva yaxınlığındakı zavodlarında istehsalı dayandırsa da, sonradan işini bərpa etdiyi bildirilib.

Auchan, Leroy Merlin şirkətləri və Decathlon fransız pərakəndə satış idman qrupu digər aparıcı qərb şirkətlərinin etdiyi kimi Rusiyanı boykot etməyib.

Zelenskinin martın 24-də İsveç parlamentində, martın 25-də isə Danimarka qanunvericiləri qarşısında çıxışı planlaşdırılır.

Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Rusiyanın qüvvələrini çıxarması və Ukraynanın təhlükəsizliyinə möhkəm təminat verilməsi müqabilində Ukraynanın NATO-ya üzv olmaq istəyindən əl çəkməyə hazır olduğunu bir daha təkrar edib.

Zelenski həmçinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın statusu və Moskvanın müstəqil dövlət kimi tanıdığı Donbasdakı iki separatçı respublika ilə bağlı gələcək müzakirələrə açıq olduğunu bildirib. Lakin Zelenski bu məsələlərin atəşkəsdən və Rusiyanın geri çəkilməsindən sonra müzakirə olunmasını, Krım və Donbasla bağlı hər hansı təklifin referendumla təsdiqlənməsinin vacib olduğunu deyib.

XS
SM
MD
LG