Ukrayna Prezidenti Volodymir Zelenskiy çərşənbə günü İranın paytaxtından havaya qalxdıqdan sonra qəzaya uğrayan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarədə heç kəsin sağ qalmadığını bildirib.
Ukraynanın baş naziri deyib ki, Kiyevə istiqamət alan təyyarədə 167 sərnişin və 9 heyət üzvü olub.
Qəzanın səbəbi araşdırılır. İran dövlət mediası qəzanın texniki səbəblərdən baş verdiyini bildirib. Lakin bu versiya hələ rəsmən təsdiq olunmayıb.
Ukrayna Beynəlxalq Hava Yollarının prezidenti Yevhen Dixne bildirib ki, bu təyyarə çox etibarlı heyətə sahib idi və hava yollarının ən yaxşı təyyarələrindən biri olub.
Aviaşirkət çərşənbə günü qəzadan sonra Tehrana uçuşları dayandırıb. Təyyarənin 2016-cı ildə istehsal edildiyi və bazar ertəsi son texniki xidmətdən keçdiyi bildirilib.
Ukraynanın xarici İşlər naziri Vadim Prystaiko bildirib ki, ölənlər arasında 82 İran, 63 Kanada, 11 Ukrayna, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya və 3 İngiltərə vətəndaşı olub.
Əfqanıstan Xarici İşlər Nazirliyi verdiyi açıqlamada qəza nəticəsində 10 Əfqanıstan vətəndaşının öldüyünü və cəsədlərin yaxınlarına qaytarılmasına kömək üçün Tehrandakı Əfqanıstan səfirliyinə üz tutduğunu bildirib.
Təyyarənin istehsalçısı Boeing qəzadan xəbərdar olduğunu və hal-hazırda daha çox məlumat topladığını bildirib.
İranın yarı-rəsmi xəbər agentliyi Mehr açıqlayıb ki, İran qəzaya uğrayan təyyarənin qara qutusunu Boeing şirkətinə verməyəcək.
İranın İraqa yönləndirdiyi raket zərbəsindən sonra böyük aviaşirkətlər İran və İraq üzərində uçuşlarını ləğv edib və təyyarələrini hər iki ölkənin hava zonasından uzaqlaşdırıb. Almaniyanın Lufthansa, Dubayın Emirates və Fly Dubai şirkətləri bu aviaşirkətlər arasındadır.