Accessibility links

Xarkov şəhəri "Qrad"və "Smerç"lərlə atəşə tutulub - Onlarla ölü, yüzlərlə yaralı var


Rusiya ordusu Xarkovu "Qrad" silahından atəşə tutub, ölən və yaralananlar barədə məlumat var.

"Xarkov Qradlardan kütləvi şəkildə atəşə tutulub. Onlarla ölü və yüzlərlə yaralı var. Bu dəhşəti bütün dünya görməlidir! İşğalçılara ölüm!" - deyə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Facebook səhifəsində yazıb.

Geraşenko Teleqram kanalında hücumun Derevyanko küçəsi ərazisində keçirildiyini bildirib. Hücumların eləcə də Kloçkovskaya küçəsinə, Alekseyevka, Saltovka və Pavlopol mikrorayonlarına da edildiyi bildirilir.

Conflict Intelligence Team-in sözçüsü Ruslan Levyiev bildirib ki, Xarkovda "Qrad"dan daha böyük dağıdıcı gücə malik olan "Smerç"lərdən də istifadə olunub

Xarkov Şəhər Şurası hücum zamanı bir qadının öldüyünü, 15 hərbçi və 16 mülki vətəndaşın müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirildiyini bildirib. "Atışma bir müddət əvvəl başa çatdığı üçün yaralıların sayı çox ola bilər. Ölənlərin sayı isə daha sonra açıqlanacaq” - deyə, məlumatda bildirilib.

Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbovun bildirdiyinə görə, 11 ölü və onlarla yaralı var.

Sinequbov özünün Teleqram kanalında yazıb ki, atəş hələ də davam etdiyinə görə xilasetmə işləri vaxtında aparıla bilmir.

XS
SM
MD
LG