Accessibility links

Ukraynada koronavirusa görə məktəblər üç həftəlik bağlanır və ictimai tədbirlər məhdudlaşdırılır


Ukrayna hökuməti martın 11-də keçirilən iclasda aprelin 3-nə qədər ölkədə ictimai tədbirlərin keçirilməsini məhdudlaşdırmağı və bütün məktəb və universitetləri bağlamağı təklif edib.

“Nazirlər Kabineti tərəfindən 200 və daha çox insanın iştirakı ilə bütün planlaşdırılan tədbirlərin məhdudlaşdırılması təklif olunur" - deyə, dövlət qərarında deyilir. Bura dövlət əhəmiyyətli tədbirlər daxil deyil. İdman tədbirləri isə yalnız beynəlxalq təşkilatların icazəsi ilə və tamaşaçısız keçiriləcək.

Qərara əsasən, həmçinin təhsil müəssisələrində martın 12-dən aprelin 3-dək üç həftə müddətinə karantin tətbiq ediləcək.

“Karantinə başlanıb. Sabahdan etibarən üç həftə - aprelin 3-dək" - deyə, Facebook-da "Avropa Həmrəyliyi" partiyasından Rada üzvü Viktoriya Syumar yazıb. O həmçinin Ukraynanın çox sayda koronavirus halının qeydə alındığı ölkələrlə hava nəqliyyat əlaqələrini dayandıracağını açıqlasa da, bu ölkələrin adlarını qeyd etməyib.

Nazirlər Kabinetinin qərarı sərhəddəki əksər keçid məntəqələrinin bağlanmasına da aiddir. "219-dan 49-u qalacaq" - deyə, deputat qeyd edib.

Artıq Kyivdə məhdudiyyətlər tətbiq edilib. Mart ayının sonuna qədər koronavirusun yaranması və yayılmasının qarşısını almaq üçün paytaxtdakı bütün təhsil müəssisələrinin işi məhdudlaşdırılacaq. Məktəb şagirdləri və tələbələr distant təhsilə keçəcək, uşaq bağçaları bağlanacaq. Bu barədə şəhərin meri Vitali Kliçko öz Facebook səhifəsində bəyan edib.

"Koronavirusun yayılmasının qarşısını almaq üçün paytaxt rəsmiləri epidemiya əleyhinə tədbirlər və məhdudiyyətlər planını təsdiqləyib. Kyivdə 12 mart tarixindən etibarən mart ayının sonuna qədər profilaktik tədbirlər tətbiq edirik" - deyə, Kliçko video müraciətdə bildirib..

Hökumət ictimai tədbirlərin, konsert və konfransların, film nümayişlərinin keçirilməsini də məhdudlaşdırıb. Karantin səbəbi ilə əyləncə mərkəzləri və alış-veriş mərkəzlərindəki əyləncə sahələri bağlanacaq.

Ukraynada koronavirus infeksiyasının ilk yoluxma halı martın 3-də qeydə alınıb. İtaliyadan uçan Çernovtsi şəhər sakini olan bir kişiyə diaqnoz qoyulub.

İtaliya Avropa ölkələri arasında koronavirusun ən çox yayıldığı ölkədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, orada yoluxanların sayı 9 min nəfəri keçib, 400-dən çox xəstə ölüb. İtaliya hökuməti bütün ictimai tədbirləri qadağan edib, məktəb və universitetlər bağlanıb və ölkə daxilində vətəndaşların hərəkəti məhdudlaşdırılıb.

Ümumilikdə dünyada koronavirus infeksiyasına yoluxanların sayı 119 min nəfəri keçib.

XS
SM
MD
LG