Ukrayna və Rusiyanın dəstəklədiyi separatçılar ölkənin üsyançıların nəzarətində olan şərqində döyüşlərin başlanmasına görə bir-birini günahlandırıb.
Ukrayna ordusu verdiyi açıqlamada separatçıların Ukraynanın nəzarətində olan ərazisinə keçməyə çalışdıqlarını, lakin geri çəkilməli olduqlarını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumu “təxribat” kimi qiymətləndirib.
Luqansk vilayətindəki separatçı rəsmilər Ukraynanı döyüşlərə başlamaqda günahlandırıb. Onlar döyüşün bir qrup ukraynalı əsgərin Holubovsk kəndi yaxınlığında üsyançıların nəzarətindəki əraziyə keçməyə çalışdıqları zaman başladığını, lakin onların minaya düşdüklərini iddia edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Ruslan Xomçak döyüşlərdə bir ukraynalı hərbçinin öldüyünü, 5 nəfərin isə yaralandığını bildirib. Separatçılardan isə dörd nəfər öldürülüb, altı nəfərin isə yaralandığını qeyd edib.
Separatçılar iki Ukrayna əsgərinin öldüyünü, daha üç nəfərin yaralandığını bildirməklə yanaşı, Ukrayna qüvvələrinin təxliyyəsini təmin etmək üçün artilleriya atəşinə başladığını açıqlayıb.
Onların sözlərinə görə, ukraynalıların atəş açması nəticəsində Holubovskda bir mülki şəxs yaralanıb. Həmçinin Kirovsk və Donetski kəndlərində şəxsi infrastruktura zərər dəyib.
Qarşılıqlı atəş mübadiləsi Ukraynanın şərqində separatçılarla 2014-cü ildən bəri 14 mindən çox insanın ölümünə səbəb olan qarşıdurma zamanı hərbi əməliyyatlardakı ən son hadisədir.
Fransa və Almaniyanın vasitəçiliyi ilə 2015-ci ildə imzalanan sülh müqaviləsi döyüşlərin miqyasını azaltmağa kömək etsə də, ara-sıra toqquşmalar davam etmiş və siyasi bir nizamlanma üçün danışıqlar dayandırılmışdı.
Zelenski Facebook-da çərşənbə axşamı hərbi əməliyyatların başlamasını münaqişəyə son qoyulması istiqamətində səylərin boşa çıxarılması cəhdi olduğunu və vəziyyətin müzakirə olunması üçün Təhlükəsizlik Şurasının iclasını çağıracağını bildirib.
"Ukraynaya qarşı hər hansı bir təcavüz aktını dəf etmək kimi, müharibəyə son qoymaq və beynəlxalq müqavilələrə sadiq qalmaq əzmimiz dəyişməz olaraq qalır" - deyə, o bildirib.