Accessibility links

Ukraynanın Saakaşviliyə vəzifə təklifi Gürcüstan hökümətini qəzəbləndirib


Gürcüstan höküməti ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukrayna höküməti tərəfindən yüksək səviyyəli vəzifəyə dəvət olunmasına etiraz edərək bildirib ki, bu addım iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək.

Gürcüstanın baş naziri Giorgi Qaxaria aprelin 24-də Tbilisidə Saakaşvilinin doğma vətənində mühakimə olunduğunu və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə axtarışda olduğunu bildirərək, Ukraynanın onu belə yüksək vəzifəyə təyin etməsinin "tamamilə qəbuledilməz" olduğunu söyləyib.

Qaxaria jurnalistlərə bildirib ki, "Belə bir qərar qəbul olunarsa, Kyivdəki səfirimizi ən azında məsləhətləşmələr üçün geri çağıracağıq".

Kyivdə isə hakim Xalqın Xidmətçisi Partiyasını təmsil edən ukraynalı millət vəkilləri Saakaşvilinin islahatlara cavabdeh baş nazirin müavini vəzifəsinə dəvət olunmasına görə hökumətin daxildə fikir ayrılıqları yaşadığını bildirib.

Saakaşvilinin təyinatı parlament tərəfindən təsdiqlənməlidir və o jurnalistlərə bildirib ki, prezident Volodimir Zelenski ondan Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlar aparmağını xahiş edib.

Koronavirus pandemiyası dövründə iqtisadiyyatını inkişaf etdirmək üçün BVF-nin borclarına çarəsizcə ehtiyacı olan Ukrayna "müstəqillik qazandıqdan bəri ən çətin sosial və iqtisadi sınaqla" üzləşməkdədir.

Saakaşvilinin təyinatı təsdiqlənsə, bu, 2004-cü ildən 2013-cü ilə qədər Gürcüstan prezidenti vəzifəsini icra edən 52 yaşlı siyasətçi üçün əlamətdar bir siyasi qayıdış olacaq.

Bu arada Saakaşvili Gürcüstanda iki ayrı ittihamlar üzrə - vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılaraq doqquz il müddətinə azadlıqdan məhrum edilməklə mühakimə olunub.

Eləcə də prokurorlar onun 2008-ci ildə İngiltərədə vəfat edən bir müxalif siyasətçini öldürmək planına icazə verdiyinə görə vətənində axtarışda olduğunu bildirir.

Saakaşvili isə öz növbəsində bütün ittihamların siyasi motivli olduğunu bildirərək rədd edir.

XS
SM
MD
LG