Accessibility links

Milli fəal Ulduz Qasımi məhkəməyə çağırılıb


İran Azərbaycanının Urmiyə şəhərindən olan türk fəal Ulduz Qasımi Təbriz Cinayət Məhkəməsinə çağırılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Ulduz Qasımi oktyabrın 18-də ona qarşı irəli sürülən ittihamlarla bağlı Təbriz 2 saylı Cinayət Məhkəməsinin 112-ci şöbəsinə çağırılıb.

Oktyabr ayının 3-də Şərqi Azərbaycan vilayətinin məhkəmə sistemi tərəfindən göndərilən çağırış vərəqəsində yazılanlara əsasən, milli fəaldan oktyabrın 18-də "Qeyri-adi hərəkətlər, hay-küy və qarışıqlıq yaradaraq ümumi intizam və asayişi pozmaq və qanunsuz mitinqə qatılaraq əhalinin işinə əngəl yaratmaq və ictimai asayişi və təhlükəsizliyi pozmaq” ittihamları ilə əlaqədar məhkəmədə hazır olub özünü müdafiə etməsi istənilib.

Güneyli fəal Ulduz Qasımi iyulun 24-də Təbriz şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və iyulun 28-də girov qarşılığında məhkəmənin son qərarına kimi müvəqqəti olaraq sərbəst buraxılmışdı. O, həmin tarixdə Təbrizdə ərəb icmasının su qıtlığına qarşı apardıqları etiraza dəstək aksiyası ilə əlaqədar bir çox vətəndaşla bərabər saxlanılmışdı.

Keçirilən bu etiraz mitinqləri nəticəsində başda Təbriz olmaqla İran Azərbaycanının bir neçə şəhərində çox sayda milli fəal və adi vətəndaş İranın polisi və təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı. Bu vətəndaşlara qarşı qaldırılan məhkəmə prosedurası hələ də davam edir.

Milli fəal Ulduz Qasımi indiyə qədər dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələrində fərqli ittihamlarla üzləşərək fərqli cəzalara məhkum olunub.

XS
SM
MD
LG