Accessibility links

BMT baş katibi Haitidə səfərdədir


Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş paytaxt Port-o-Prensin böyük hissəsini ələ keçirmiş qanqster dəstələrlə mübarizə aparan yoxsul Karib ölkəsinin üzləşdiyi böhranlara diqqət çəkmək üçün şənbə günü Haitiyə səfər edib.

Quterreşin səfəri onun Haiti hökumətinin yardım tələbini dəstəkləməsindən və bir və ya bir neçə ölkənin Haiti təhlükəsizlik xidmətlərinə dəstək vermək üçün “sürətli fəaliyyət qüvvəsi” göndərməsini təklif etməsindən təxminən doqquz ay sonraya təsadüf edir. Hələ ki, Haitiyə belə bir qüvvə yerləşdirilməyib, çünki heç bir ölkə bu təşəbbüs üçün ilk addımı atmayıb.

“Mən Haiti xalqı ilə tam həmrəyliyimi ifadə etmək və beynəlxalq ictimaiyyəti Haiti Milli Polisinə kömək etmək məqsədilə güclü beynəlxalq qüvvə göndərmək də daxil olmaqla Haitini dəstəkləməyə davam etməyə çağırmaq üçün Port-o-Prensdəyəm,” Quterreş Twitter-də yazıb.

“İndi Haitini unutmaq vaxtı deyil,” Quterreş aprel ayında BMT Təhlükəsizlik Şurasında deyərək, Port-o-Prinsdəki təhlükəli vəziyyəti “silahlı münaqişələrin olduğu ölkələrlə” müqayisə edib və deyib ki, haitililər son onillərdəki ən pis insan hüquqları böhranından biri ilə üz-üzədir.

Qanqster dəstələr ötən ilin sentyabr ayında yanacaq terminalını altı həftə müddətinə blok edərək, əksər iqtisadi fəaliyyəti dayandırmaqla ölkədəki humanitar vəziyyəti pisləşdiriblər. BMT Təhlükəsizlik şurası oktyabr ayında hökumətin yanacaq subsidiyaları kəsməsinə etiraz etmək üçün blokadaya rəhbərlik etməkdə günahlandırılan Haitinin ən güclü qanqsterinə sanksiya tətbiq edib.

Birləşmiş Ştatlar və Kanada həmçinin haitili siyasi xadimlərə və iş adamlarına sanksiyalar tətbiq edib.

Diplomatlar deyirlər ki, Quterreşin sürətli fəaliyyət qüvvəsi yaratmaq təklifinə geniş dəstək verilsə və bir neçə ölkə töhfə verməkdə maraqlı olduğunu ifadə etsə də, heç biri birinci olaraq qüvvə yerləşdirməyə könüllü olmayıb.

Ölkələr hazırkı qeyri-sabit vəziyyətdə ədalətli seçkilərin keçirilməsinin qeyri-mümkün olduğunu deyən seçilməmiş baş nazir Arile Henrinin administrasiyasını dəstəkləməyə ehtiyatla yanaşırlar. Haitidə yanvar ayından bəri heç bir seçilən nümayəndə yoxdur.

Prezident Covenel Moisenin qətlindən bir neçə gün sonra 2021-ci iyul ayında hakimiyyəti ələ keçirən Henri ilk 2021-ci ilin avqustunda 2 mindən çox insanın ölümünə səbəb olan zəlzələni, daha sonra isə geniş yayılan qanqster zorakılığını səbəb gətirərək dəfələrlə seçkiləri təxirə salandan sonra nəhayət 7 fevral 2024-dək hakimiyyətdən getməyi vəd edib.

XS
SM
MD
LG