Accessibility links

Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Qəzzaya daha çox yardım yolları açması barədə qərar çıxarıb


Birləşmiş Millətlər Təşkilatının məhkəməsi cümə axşamı qanuni qüvvəyə malik qərarla aclıqdan əziyyət çəkən fələstinlilərə daha çox humanitar yardımın çatdırılması üçün İsrailə Qəzzaya qurudan daha çox keçid açması haqda göstəriş verib.

Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin qərarında İsrailin “qida, su, yanacaq və dərman da daxil olmaqla, təcili ehtiyac duyulan əsas xidmətlər və humanitar yardımın dərhal göndərilməsini təmin etmək üçün bütün lazımi və təsirli tədbirləri görməli” olduğu deyilir.

Məhkəmə həmçinin İsrailin dərhal “Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”ya əsasən hərbçilərinin hər hansı bir addımla təcili ehtiyac duyulan humanitar yardımın çatdırılmasının qarşısının almasına mane olunması da daxil olmaqla, Qəzzada fələstinlilərin hüquqlarını pozan hərəkətlərə yol verməməsini təmin etməli olduğunu bildirib.

Məhkəmə İsrailin bir ay müddətində qərarları necə yerinə yetirdiyi barədə hesabat verməsini istəyib.

İsrail qərar barədə şərh verməyib. Lakin HƏMAS militantlarına qarşı təxminən altı ay davam edən müharibədə soyqırım törətdiyini qəti şəkildə inkar edib. İsrail BMT məhkəməsini yeni qərarlar verməməyə çağırıb.

Məhkəmə qərarı Cənubi Afrikanın İsraili Qəzzada soyqırım aktlarında ittiham etdiyi iddiaya əsasən verilib. Münaqişə HƏMAS-ın oktyabrın 7-də İsraildə 1200 nəfərin ölümü, 250-yə yaxın girovun götürülməsi ilə nəticələnən gözlənilməz hücumu ilə başlayıb. İsrailin Qəzzada əks hücumu nəticəsində əksəriyyəti mülki şəxs olmaqla, 32 mindən çox fələstinli ölüb. İsrail ordusunun məlumatına görə, HƏMAS-ın minlərlə döyüşçüsü öldürülüb.

İsrail ordusu cümə axşamı Qəzza şəhərindəki Şifa xəstəxanası yaxınlığında, eləcə də Qəzza zolağının cənubunda Xan Yunisdə döyüşlər apardığını bildirib.

HƏMAS-ın idarə etdiyi Qəzza zolağındakı Səhiyyə Nazirliyinin cümə axşamı bildirdiyinə görə, keçən gün ərzində 62 fələstinli öldürülüb.

Forum

XS
SM
MD
LG