Accessibility links

BMT Məhkəməsi İsraili Qəzzada soyqırımın qarşısını almağa çağırıb, atəşkəslə bağlı qərar çıxarmayıb


BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi İsrailə Qəzza zolağında fələstinlilərə qarşı soyqırımın qarşısını almaq üçün “gücü daxilində bütün tədbirləri görməyə” göstəriş verib, lakin döyüşün davam etdiyi ərazidə atəşkəsə dair əmr verməyib.

Beynəlxalq Ədalət Məhkəməsi cümə günü 17 hakim tərəfindən verilən ilkin qərarda İsrailə HƏMAS silahlı qruplaşması ilə üç aydır davam edən döyüşlərdən sonra, Qəzzann 2,3 milyon əhalisinin əksəriyyətinin adekvat qida və sığınacaq tapmaqda çətinlik çəkdiyi ərazidə əsas xidmətlərin və humanitar yardımın göstərilməsinə şərait yaratmağı əmr edib.

Məhkəmə işi Cənubi Afrika tərəfindən qalıdırılıb. O, iddia edir ki, İsrail 1948-ci il Birləşmiş Millətlər Təşkilatının İkinci Dünya Müharibəsindən və Holokostdan sonra yaradılmış Soyqırım Konvensiyasını pozur.

Məhkəməyə sədrlik edən hakim Coan Donohyu qərarı açıqlarkən bildirib ki, soyqırım konvensiyasına uyğun olaraq soyqırımın qarşısını almağa “qrupun üzvlərinə ciddi fiziki və ya psixi zərərin qarşısının alınması və qrupun fiziki məhvinə səbəb ola biləcək qəsdən şəraitin yaradılması” daxildir.

Donohyu deyib ki, bu qərarın bir hissəsi olaraq İsrail “əlverişsiz həyat şəraitini həll etmək üçün təcili ehtiyac duyulan əsas xidmətlərin və humanitar yardımın təmin edilməsini təmin etmək” üçün təcili tədbirlər görməlidir.

İsrail Cənubi Afrikanın ittihamlarını ikiüzlü adlandıraraq və “alt-üst olmuş dünyanı” əks etdirdiyini deyərək, rədd edib. İsrail liderləri Qəzzadakı hava və quru hücumlarını HƏMAS-ın oktyabrın 7-də hücumuna legitim cavab kimi müdafiə edir. Həmin hücumda militantlar İsrail icmalarına basqın edərək 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüblər.

Məhkəmənin qərarından sonra İsrailin baş naziri Benyamin Netanyahu soyqırım iddialarını “biabırçı” adlandırıb və müharibəni davam etdirəcəyinə söz verib.

Fələstinli rəsmilər qərarı böyük ölçüdə alqışlayıb. Fələstinli xarici işlər nazirliyi bildirib ki, bu, “heç bir ölkənin qanundan üstün olmadığına” dair xoş bir xatırlatmadır. HƏMAS-ın yüksək vəzifəli rəsmisi Reuters-ə bildirib ki, bu qərar “işğalın təcrid edilməsinə və Qəzzada törətdiyi cinayətlərin ifşasına” töhfə verəcək.

Human Rights Watch qrupu qərarı alqışlayıb. Qrupun beynəlxalq ədliyyə idarəsinin direktoru Balkis Cərrah bəyanatda bildrib ki, bu qərar “İsrail və müttəfiqlərini Qəzzada fələstinlilərə qarşı soyqırımın və növbəti vəhşiliklərin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin lazım olduğu barədə xəbərdar edir.”

Cərrah deyib ki, “sürətli” qərar Qəzzada ağır vəziyyətin tanınmasıdır.

ABŞ və BMT-nin reaksiyası

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi cümə günü Ağ Evdə müxbirlərə bildirib ki, Birləşmiş Ştatlar İsrail tərəfindən soyqırım niyyəti və ya hərəkətinin olduğuna dair iddianı təsdiq edən heç nə görməyib.

“Bizdə bunun olduğuna – onların qəsdən Qəzza əhalisini məhv etməyə çalışdıqlarına dair işarə yoxdur,” Kirbi deyib.

Kirbi Amerikanın Səsinə cavab olaraq deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının ABŞ-ın müharibə ilə bağlı siyasət və ya mesajını dəyişdirmək ehtimalı yoxdur.

ABŞ Dövlət Departamentinin sözçüsü cümə günü deyib ki, ABŞ soyqırım iddialarının “əsassız” olduğuna inanmaqda davam edir və məhkəmənin “soyqırımla bağlı bir nəticə çıxarmadığını” vurğulayır. Sözçü əlavə edib ki, ABŞ “davamlı olaraq İsrailin mülki zərəri minimuma endirmək üçün bütün mümkün addımları atmalı olduğunu açıqlayıb.”

BMT-nin baş katibi Stefan Dujjarikin sözçüsü də cümə günü qərara cavab verərək, müxbirlərə deyib ki, baş katib “təcili ehtiyac duyulan əsas xidmətlərin və humanitar yardımın təmin edilməsi üçün məhkəmənin İsrailə verdiyi əmri xüsusi qeyd edir.”

Ümumdünya məhkəməsinin əmr etdiyi müvəqqəti tədbirlər hüquqi cəhətdən məcburi olsa da, İsrailin onlara əməl edib-etməyəcəyi bəlli deyil. Bu arada məhkəmənin Cənubi Afrikanın açdığı soyqırım iddiası ilə bağlı tam iş üzrə qərar çıxarmasının illər çəkəcəyi gözlənilir.

Forum

XS
SM
MD
LG