Accessibility links

ABŞ müdafiə naziri İsraildə münaqişənin növbəti mərhələsini müzakirə edir


İsrailin müdafiə naziri Yoav Qallant (sağda) və onun amerikalı həmkarı, ABŞ müdafiə naziri Lloyd Astin İsrailin Qəzzada hərbi əməliyyatları ilə bağlı Tel-Əvivdə keçirilən görüşdən sonra birgə bəyanatla çıxış edirlər, 28 dekabr 2023.
İsrailin müdafiə naziri Yoav Qallant (sağda) və onun amerikalı həmkarı, ABŞ müdafiə naziri Lloyd Astin İsrailin Qəzzada hərbi əməliyyatları ilə bağlı Tel-Əvivdə keçirilən görüşdən sonra birgə bəyanatla çıxış edirlər, 28 dekabr 2023.

ABŞ-ın müdafiə naziri Lloyd Austin İsrailin sıx məskunlaşdığı Qəzzada mülki itkilərin azaldılmasının vacibliyini vurğulayıb və ABŞ-ın HƏMAS-a qarşı müharibədə İsrailə dəstəyində “sarsılmaz” öhdəliyini bir daha təsdiqləyib.

İsraildə həmkarı Yoav Qallant ilə birgə mətbuat konfransı zamanı Astin Qəzzada HƏMAS tərəfindən saxlanılan qalan girovların geri qaytarılmasına çağırıb və İsrailin özünümüdafiə hüququnun olduğunu təsdiqləyib. O əlavə edib ki, Birləşmiş Ştatlar “münaqişə zamanı mülki şəxslərin müdafiəsi və Qəzzaya humanitar yardım axınının artırılması üçün çağırışlar etməyə davam edəcək”.

“Yüksək intensivli əməliyyatlardan aşağı intensivli əməliyyatlara və daha çox dəqiqliklə planlaşdırılmış əməliyyatlara necə keçmək barədə də bəzi düşüncələrimiz var. Bütün bu məsələlərlə bağlı gözəl müzakirələrimiz oldu,” Austin bildirib.

ABŞ müdafiə naziri həmçinin İsrail və fələstinli qonşular arasında müharibədən sonra iki dövlətli həllə çağırıb və qeyri-sabitliyin və təhlükəsizliyin olmamasının yalnız HƏMAS-ın işinə yaradığını vurğulayıb.

İsrailin müdafiə naziri Qallant bildirib ki, İsrail tədricən Qəzzadakı əməliyyatlarının növbəti mərhələsinə keçəcək və yerli əhalinin əvvəlcə sahil zolağının şimalına qayıtmasına imkan verəcək.

“Missiyamızı gerçəkləşdirdiyimiz hər bir sahədə biz tədricən növbəti mərhələyə keçə və yerli əhalini geri qaytarmaq üçün işə başlaya biləcəyik”, Qallant deyib. “Bu o deməkdir ki, şimalda buna cənubdan daha tez nail olmaq olar”, o əlavə edib.

Austin İsrailə gəldikdən sonra əvvəllər Twitter kimi tanınan X sosial media platformasında yazib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantla görüşü zamanı “Amerikanın İsrailə sarsılmaz öhdəliyini bir daha təkrarlayacaq” və Qəzzaya yardım axınının təmin edilməsini müzakirə edəcək.

Bu arada, BMT Təhlükəsizlik Şurasının bazar ertəsi Qəzza zolağında humanitar atəşkəsə çağıran qətnaməni səsverməyə çıxaracağı gözlənilir.

Təhlükəsizlik Şurasının bir çox xəbər agentliklərinin tanış olduğu qətnamə layihəsində “təhlükəsiz və maneəsiz humanitar çıxışa imkan yaratmaq üçün hərbi əməliyyatların təcili və davamlı dayandırılmasına” çağırılır.

Human Rights Watch bazar ertəsi bildirib ki, İsrail hökuməti “işğal altındakı Qəzza zolağında mülki aclıqdan müharibə üsulu kimi istifadə edir və bu, müharibə cinayətidir”.

Təşkilat bəyan edib ki, yüksək səviyyəli İsrail rəsmiləri “Qəzzada dinc əhalini qida, su və yanacaqdan məhrum etmək məqsədini açıqlayan açıqlamalar veriblər ki, bu da İsrail qüvvələrinin həyata keçirdiyi siyasəti əks etdirən bəyanatlardır”.

Human Rights Watch əlavə edib: “Digər İsrail rəsmiləri Qəzzaya humanitar yardımın ya HƏMAS-ın qanunsuz olaraq saxladığı girovların azad edilməsi və ya HƏMAS-ın məhv edilməsi şərti ilə veriləcəyini açıq şəkildə bəyan ediblər.”

Yük maşınları Qəzzaya yardım çatdırır və İsrail keçən həftə yardımların çatdırılması üçün başqa bir keçid də açıb. Lakin BMT-nin humanitar yardım agentliyi şənbə günü daxil olan 121 yük maşınının müharibədən əvvəl Qəzzaya gündəlik yardım daşıyan 500 yük maşını ilə müqayisədə çox az olduğunu bəyan edib.

Təhlükəsizlik Şurasının bu ayın əvvəlində humanitar atəşkəsə çağıran qətnaməsi Birləşmiş Ştatların tədbirin qarşısını almaq üçün veto hüququndan istifadə etməsi nəticəsində qəbul edilməyib. ABŞ və İsrail atəşkəsin HƏMAS-ın xeyrinə olacağını iddia edir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qısa müddət sonra oxşar qətnaməni səs çoxluğu ilə dəstəkləyib, lakin onun qətnamələri icbari deyil.

Bazar günü İsrailə səfəri zamanı Fransanın xarici işlər naziri Ketrin Kolonna daha çox girovu azad etmək, Qəzza zolağına daha çox yardım çatdırmaq və "siyasi həllin başlanğıcına" doğru irəliləmək məqsədi ilə "dərhal atəşkəsə" çağırıb.

Britaniyanın Sunday Times qəzetində dərc olunan birgə məqalələrində Britaniyanın xarici işlər naziri David Kameron və onun almaniyalı həmkarı Annalena Baerbok da Qəzzada "davamlı atəşkəs"ə çağırıb.

"Əgər əməliyyatları ilə fələstinlilərlə dinc yanaşı yaşamaq perspektivini yox edərsə, İsrail bu müharibədə qalib gəlməyəcək", onlar bildiriblər.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumu Qəzzada 18,700-dən çox insanın ölümünə səbəb olub.

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) bildirdiyinə görə, münaqişə Qəzza əhalisinin təxminən 85%-ni evlərini tərk etməyə məcbur edib. Onların bir çoxu BMT-nin Qəzzanın cənubundakı sığınacaqlarında yer tapmağa çalışır.

Forum

XS
SM
MD
LG