Accessibility links

BMT: Belarus müxalifəti əzmək üçün zorakılıq, repressiya kampaniyası aparır


Belarus Prezidenti Aleksandr Lukaşenko. Sankt-Peterburq. Rusiya. 27 yanvar, 2024.
Belarus Prezidenti Aleksandr Lukaşenko. Sankt-Peterburq. Rusiya. 27 yanvar, 2024.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının hesabatı Belarus hökumətini siyasi müxalifəti məhv etmək və hakimiyyəti saxlamaq üçün zorakılıq və repressiya kampaniyası aparmaqda ittiham edib.

"Həqiqi və ya güman edilən siyasi rəqiblərə qarşı ayrı-seçkilik yolu ilə insan haqları pozuntuları növlərini nəzərə alaraq, hesabat insanlığa qarşı cinayətin törədilmiş ola biləcəyinə dair münasib əsaslar təqdim edir" - deyə, İnsan Haqları üzrə Ali Komissarlığın Sahə Əməliyyatları və Texniki Əməkdaşlıq şöbəsinin direktoru Kristian Salazar Volkman bildirib.

Volkmanın çərşənbə günü BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda 2020-ci il prezident seçkiləri ərəfəsində və ondan sonra Belarusda törədildiyi iddia edilən bütün insan haqları pozuntuları araşdırılır.

Hesabat 657 insanın müsahibəsi nəticəsində əldə edilmiş məlumat və sübutlara əsaslanıb və 5400-dən çox maddə ilə dəstəklənib. Hesabat həmçinin zərərçəkənlərin, şahidlərin və qeyri-hökumət təşkilatlarının 229 yazılı təqdimatına əsaslanıb.

Volkman deyib ki, ötən il toplanan məlumatlar əvvəlki hesabatlarda müəyyən edilən "pozuntuların miqyası və nümunələrini sübuta yetirir" və 2020-ci il mayın 1-dən etibarən Belarus hakimiyyətinin Belarus xalqını vətəndaş hüquqlarından istifadə etmək imkanından məhrum etdiyini tapır.

2020-ci ildə hazırkı prezident Aleksandr Lukaşenkonun altıncı müddətə prezident seçilməsi beynəlxalq müşahidəçilər tərəfindən "nə azad, nə də ədalətli" kimi qiymətləndirilib. Lukaşenko isə bunu inkar edib.

Volkman şuraya təqdimatında müxalifət partiyalarının bu ilin fevralında keçiriləcək parlament seçkilərində iştirakına icazə verilmədiyini, bunun isə onların gələn il keçiriləcək prezident seçkilərində iştirak imkanlarını sual altına aldığına diqqət çəkib.

Onun sözlərinə görə, Belarusda 2021-ci ildən bəri qəbul edilmiş və ya dəyişdirilmiş qanunlar “real və ya güman edilən rəqibləri təqib etmək və cəzalandırmaq üçün” istifadə olunur.

"2023-cü ildə bir neçə tanınmış hüquq müdafiəçisi, jurnalist və həmkarlar ittifaqı üzvü uzun müddətə azadlıqdan məhrum edilib" - deyə, o bildirib.

Volkman qeyd edib ki, minlərlə insan “söz və/və ya toplaşmaq azadlığından istifadə etdiklərinə” görə əsassız həbslərə və təqiblərə məruz qalmaqda davam edir.

O, "2020-ci ildən bəri minlərlə belaruslu Belarus həbsxanalarında qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzaya məruz qalıb" deyib.

Hesabat işgəncələrin ağır xəsarətlərlə nəticələndiyi halları, həmçinin cinsi və gender əsaslı zorakılıq nümunələrini sənədləşdirib. Sənəddə qeyd olunub ki, "ölüm və ya zorlama təhdidləri geniş yayılıb".

Hesabat siyasi məhbusların dövlət həbsxanalarında saxlandığı dəhşətli şəraitdən də bəhs edib.

Müəlliflər iddia edir ki, 2023-cü ildə Belarus hakimiyyətinin nəzarəti altında olan ən azı iki nəfər "həkim səhlənkarlığı səbəbindən" həyatını itirib. Daha iki məhbus isə bu il vəfat edib.

İnsan Haqları üzrə Ali Komissarlıq 2020 və 2021-ci illərdə uşaqlarla pis rəftar və mümkün işgəncə hallarının olduğunu və bunun 50-dən çox siyasi motivli cinayət mühakiməsi ilə nəticələndiyini və bu məhkəmələrdə uşaqların beynəlxalq hüquqla təmin edilmiş müdafiədən məhrum olduqlarını müəyyən edib.

Volkman BMT şurasına deyib ki, zorakılıq və repressiya kampaniyası 2020-ci ilin may ayından bəri təxminən 300 min belaruslunun sürgünə getməsinə gətirib çıxarıb.

O, Belarus hökumətini "ixtiyari həbs edilən və siyasi motivlərlə cəzalandırılan bütün şəxsləri dərhal azad etməyə" çağırıb.

Buna cavab olaraq Belarusun BMT-dəki səfiri Larisa Belskaya "Belarusda siyasi məhbus yoxdur" deyib.

"Cəza çəkən şəxslər konkret cinayətlərə, o cümlədən milli təhlükəsizliyə qarşı ittihamlara görə məhkum ediliblər," o deyib.

Səfir Qərb hökumətlərini "məxfi inqilab cəhdi ilə Belarus dövlətini sarsıda bilməyən və 2020-ci ildə qeyri-qanuni anti-hökumət aksiyalarında və hüquq-mühafizə orqanları ilə toqquşmalarda iştirak edən, ölkədən qaçan" fəalları dəstəkləməkdə ittiham edib.

Forum

XS
SM
MD
LG