BMT-nin insan haqları üzrə komissarı Volker Turk bazar ertəsi deyib ki, Qəzzada müharibəyə son qoyulması və "regional münaqişənin tamamilə qarşısının alınması mütləq və təcili prioritetdir".
İnsan Haqları Şurasının Cenevrədə keçirildiyi iclasında Turk “Biz bilirik ki, müharibələrin səbəbləri həll olunmasa, gələcək nəsillərə keçir və nifrəti daha çox artırır. Təəssüf ki, Qəzzadakı müharibə buna ən yaxşı nümunədir” - deyə, o bildirib.
Turk HƏMAS-ın İsrailə "dəhşətli" hücumunu, 1,9 milyon qəzzalının zorla köçürülməsini, Qəzzada hələ də girov saxlanılan 101 israillini və İordan çayının qərb sahilindəki "fəlakətli vəziyyəti daha da pisləşdirən ölümcül və dağıdıcı əməliyyatları" vurğulayib.
İsrail ordusunun bazar ertəsi bildirdiyinə görə, "Hizbullah" militantlarının Livanın cənubunda istifadə etdiyi binalara və atış meydançasına gecə boyu hücumlar həyata keçirib. Bu, iki tərəf arasında daha geniş regional münaqişə ilə bağlı narahatlıq doğuran sərhədlərarası toqquşmaların sonuncusu olub.
Qonşu Suriyanın dövlət mediası bazar ertəsi bildirib ki, İsrailin etdiyindən şübhələnilən hava hücumları nəticəsində azı 14 nəfər ölüb, 40 nəfər yaralanıb.
Deyilənə görə, zərbələr Suriyanın mərkəzindəki hərbi obyektləri hədəf alıb.
İsrail Suriyada həyata keçirdiyi hücumlar barədə nadir hallarda şərh verir. Lakin o, Livandakı "Hizbullah"-ı silahla təmin edən İranın Suriyada olmasına icazə verməyəcəyini bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Qəzzada münaqişənin 12-ci aya keçdiyi bir vaxt HƏMAS militantlarına qarşı müharibəni davam etdirəcəyini vəd edərək, ölkəsinin "İranın rəhbərlik etdiyi şər oxunun qanlı ideologiya ilə əhatə olunduğunu" deyib.
Müharibə keçən il oktyabrın 7-də İsrailin cənubuna edilən, 1200-ə yaxın insanın ölümünə və 250-yə yaxın insanın girov götürülməsinə səbəb olan gözlənilməz hücumdan sonra başlayıb. İsrailin cavab hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, 40 min 900-dən çox fələstinli ölüb. İsrail ordusu isə ölənlər arasında minlərlə militantın olduğunu bildirir.
Birləşmiş Ştatlar, Qətər və Misir aylarla atəşkəs və girovların qaytarılması üçün vasitəçilik etməyə çalışsalar da, danışıqlar dəfələrlə uğursuzluqla nəticələnib.
Forum