Accessibility links

BMT müstəntiqləri: Rusiya qoşunları Ukraynada hərbi cinayətlər törədib


BMT müstəntiqləri 2022-ci ilin fevralında Ukraynanı işğal edən Rusiya qüvvələrinin hərbi cinayətlər törətdiyinə dair sübutların olduğunu deyib. Ukrayna üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası nəticələri cümə günü BMT-nin İnsan Haqları Şurasına təqdim edib.

Komissiya öz araşdırmasında diqqəti əsasən fevralın sonu və martda Kyiv, Çernihiv, Xarkiv və Sumı bölgələrində baş verən hadisələrə yönəldib. O, partlayıcı silahlardan qeyri-qanuni istifadə, mülki ərazilərə hücumlar, işgəncələr, cinsi və gender əsaslı zorakılıq da daxil olmaqla, bir çox insan hüquqları pozuntularını sənədləşdirdiyini bildirib.

Komissiyanın sədri Erik Mese Rusiyanın partlayıcı silahlardan qeyri-qanuni istifadəsinin mülki əhali arasında böyük iztirablara səbəb olduğunu və Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri tərəfindən qeydə alınan ölüm hallarının çoxunu təşkil etdiyini bildirib.

Onun sözlərinə görə, müstəntiqləri səfər etdikləri 16 şəhər və qəsəbədə çox sayda edamların olması heyrətləndirib.

O, "bu cür cinayətlərin ümumi elementlərinə qurbanların əvvəlcədən həbs edilməsi, eləcə də cəsədlərdə əllərin arxadan bağlanması, başından güllə yarası və boğazın kəsilməsi kimi görünən edam əlamətləri daxildir" deyib.

Komissiya 150-dən çox zərərçəkəni və şahidi dindirib. Mese deyib ki, şahidlər pis rəftar və işgəncə ilə bağlı ardıcıl məlumatlar verib. Bəziləri Rusiya Federasiyasındakı həbsxanalara köçürüldüklərini, orada döyülmə, elektrik cərəyanından istifadə və digər qanun pozuntularına məruz qaldıqlarını bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviçin dediyinə görə, Rusiya tərəfindən törədilən bu cinayətlər cəzasız qalmamalıdır. O, Ukraynaya qarşı təcavüz cinayəti ilə bağlı yurisdiksiyaya malik xüsusi tribunalın yaradılmasına çağırıb.

XS
SM
MD
LG