Accessibility links

BMT: Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada 8 mindən çox mülki şəxs həlak olub


Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının yeni hesabatında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 8 mindən çox mülki şəxsin həlak olduğu deyilib.

BMT-nin məlumatına görə, keçən il fevralın 24-dən 2023-cü il fevralın 15-dək Ukraynada 487 uşaq olmaqla, 8006 mülki şəxs öldürülüb, 954-ü uşaq olmaqla, 13287 mülki şəxs yaralanıb. Ən çox ölən və yaralananlar Donetsk və Luhansk vilayətlərində qeydə alınıb. Bu bölgələrdə qeyd olunan müddətdə 4295 nəfər ölüb, 7327 nəfər yaralanıb.

Hesabat müəllifləri mülki əhali arasında ölənlərin sayının daha çox olduğunu deyir. Belə ki, bəzi yerlərdə mülki əhalinin öldüyü və ya yaralandığı iddia edilən məlumatlar hələ də təsdiqlənməyib. Belə yaşayış məntəqələrinə Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luhansk vilayəti) daxildir.

Hesabat müəlliflərinin fikrincə, 2022-ci il fevralın 24-dən 2023-cü il fevralın 15-dək olan dövrdə ən çox ölüm halı keçən ilin martında qeydə alınıb. O zaman Rusiyanın təcavüzü nəticəsində 3918 Ukrayna vətəndaşı həlak olub, 2967 nəfər yaralanıb. 2023-cü ilin əvvəlindən bəri isə BMT Ukraynada 263 nəfərin öldüyünü, 759 nəfərin yaralandığını qeydə alıb.

Mülki əhali arasında ölüm və ya yaralanmaların əksəriyyətinə ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşləri, eləcə də raket və hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahlardan istifadə səbəb olub.

XS
SM
MD
LG