Accessibility links

BMT-nin İnsan Haqları üzrə baş komissarı Putini Ukraynadakı müharibəni dayandırmağa çağırıb


BMT-nin İnsan Haqları üzrə baş komissarı Mişel Baçelet cümə axşamı Rusiya prezidenti Vladimir Putini “Ukraynaya qarşı hücumu dayandırmağa” çağırıb.

Münaqişənin altı ayı tamam olmasından bir gün sonra danışan Baçelet Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı vəziyyəti vurğulayaraq, ərazidə döyüşlərin mülki əhali və ətraf mühit üçün “təsəvvür edilə bilməz risklər” yaratdığını deyib.

Rusiya və Ukrayna stansiya yaxınlığındakı hücumlarda bir-birini günahlandırır. Beynəlxalq Atom Enerjisi Agentliyi stansiyanın təhlükəsizliyini təmin etmək üçün əraziyə nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib.

Baçelet həmçinin cümə axşamı bildirib ki, həm Rusiya, həm də Ukrayna qüvvələri beynəlxalq humanitar hüquqlara hörmət etməli, beynəlxalq ictimaiyyət isə pozuntulara görə məsuliyyəti təmin etməlidir.

Ukrayna rəsmilərinin cümə axşamı bildirdiyinə görə, Rusiyanın Ukraynanın şərqindəki Çapline dəmir yolu stansiyasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.

“Rusiyanın Ukraynada dinc sakinlərlə dolu qatar stansiyasına raket zərbəsi endirməsi vəhşilik nümunəsidir. Biz dünyanın hər yerindən olan tərəfdaşlarımızla birlikdə Ukraynanın yanında olmağa davam edəcək və Rusiya məmurlarının cavabdehliyinə çalışacağıq” - deyə, ABŞ Dövlət katibi Antoni Blinken tvitter hesabında yazıb..

ABŞ Prezident Co Bayden çərşənbə günü Ukrayna xalqının “qeyri-adi cəsarətini və azadlığa olan bağlılığını” yüksək qiymətləndirərək, Ukraynaya təxminən 3 milyard dollarlıq yeni hərbi yardımını elan edib.

Bayden Ukraynanın 1991-ci ildə Sovet hakimiyyətindən azad olmasıının 31-ci ildönümü - Müstəqillik Günündə “bu gün yalnız keçmişin bayramı deyil, həm də Ukraynanın suveren və müstəqil xalq olaraq qaldığını və qalacağının parlaq rəmzidir” deyib.

Bayden deyib ki, yeni hərbi yardım tranşı ABŞ-ın iştirakı ilə Ukraynaya uzun müddət ərzində özünü müdafiə etmək üçün nəzərdə tutulub. Rəsmilər bəzi silahların bir və ya iki il istifadə edilməyəcəyini bildirib. ABŞ liderinin bildirdiyinə görə, paketə hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri və döyüş sursatları, pilotsuz uçuş aparatları və radarlar daxildir.

XS
SM
MD
LG