Accessibility links

BMT Rusiyanı Ukraynada beynəlxalq insan haqları və humanitar qanunları kobud şəkildə pozmaqda ittiham edib


BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı cümə axşamı Rusiyanı Ukraynada beynəlxalq insan haqları və humanitar qanunları kobud şəkildə pozmaqda ittiham edib. İttiham Rusiyanın Ukraynaya qarşı müharibəsindəki son hadisələrə dair hesabatda yer alıb və BMT-nin İnsan Haqları Şurasına təqdim edilib.

Hesabatda əsas diqqət Rusiya qüvvələrinin fevralın 24-dən aprelin 6-dək 102 kənddə həyata keçirdiyi edamlara yönəlib.

BMT müşahidəçiləri Rusiya qoşunları tərəfindən kişi, qadın, oğlan və qız olmaqla, 441 mülki şəxsin qətlini sənədləşdirib. BMT-nin insan haqları üzrə komissarı Volker Turk faktiki rəqəmlərin daha çox ola bildiyini deyib.

"Bəzi hallarda rus əsgərləri mülki şəxsləri müvəqqəti saxlanma yerlərində edam edib. Hətta qurbanlar təhlükəli olmadıqlarını açıq şəkildə göstərdiyi zaman - məsələn, əllərini yuxarı qaldırarkən. Buna görə də, hesabatdakı sənədləşdirilmiş edamların qəsdən adam öldürmə kimi hərbi cinayətlər olduğuna dair güclü əlamətlər var" - deyə, Turk bildirib.

Hesabatda, həmçinin Rusiyanın yaşayış binalarına hücumları və enerji obyektləri də daxil olmaqla, əsas infrastruktura raket zərbələri endirməsinin qış aylarında dinc əhaliyə hədsiz çətinlik yaratdığı deyilib.

Turk bildirib ki, onun yerlərdəki komandası həm mülki şəxslərə, həm də döyüşçülərə qarşı pozuntuları, eləcə də özbaşına həbslər, oğurlanmalar, işgəncə və cinsi zorakılıq hallarını sənədləşdirməyə davam edir.

Ukraynanın BMT-dəki səfiri Yevheniya Filipenko xüsusi tribunalın yaradılmasına beynəlxalq dəstək verməyə çağırıb. Onun sözlərinə görə, Rusiyanın siyasi və hərbi rəhbərliyi Ukraynaya qarşı təcavüz cinayətinə görə cavab verməlidir.

Hesabatı təqdim edərkən Turk Ukraynada milyonlarla insanın başına gətirilən iztirablardan şəxsən dəhşətə gəldiyini ifadə edib. Bir həftə əvvəl Ukraynaya dörd günlük səfəri zamanı Turk gördürlərindən - ölümlərdən, kökündən qoparılan həyatlardan və parçalanmış ailələrdən danışıb.

Turk fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan bəri 8 milyona yaxın insanın ölkəni tərk etdiyini və 6,5 milyon insanın məcburi köçkünə çevrildiyini bildirib. O, Ukraynada 18 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu deyib.

XS
SM
MD
LG