BMT-nin baş katibi Antonio Quterreş və onun komandası BMT-nin vasitəçiliyi ilə Ukraynanın Qara Dənizdən taxıl ixracına imkan verən və noyabr ayında başa çatacaq sövdələşməni genişləndirib, müddətini uzatmağa çalışır.
“Biz qeyri-müəyyənliyi ortadan qaldırıb, insanların ictimai bir şəkildə “Bəli, bu, bir il daha uzadılacaq” demələrini təmin etməyə çalışırıq, amma hələ ki, buna nail olmamışıq,” BMT-nin sözçüsü Stefan Dujarrik deyib və əlavə edib ki, BMT rəsmiləri həmçinin Rusiyadan taxın və gübrə ixracını təmin etməyə çalışır.
BMT-nin yardım agentliyinin başçısı Martin Qriffit və BMT-nin yüksək səviyyəli ticarət rəsmisi Rebeka Qrinspanın bu məsələləri Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə müzakirə etmək üçün təxminən bir həftə sonra Moskvaya səfəri planlaşdırılır. Bu barədə Dujarrik müxbirlərə məlumat verib.
“Baş katib və onun komandası bu məsələlərlə bağlı intensiv danışıqlar aparır. Cənab Quterreş və onun komandası Qara Dəniz Taxıl Təşəbbüsünü genişlənirmək və uzatmaq üçün çox çalışır,” o deyib. “Onlar Rusiyadan taxıl və gübrə ixracını asanlaşdırmaq üçün son maneələri də aradan qaldırmaq üçün fəal olaraq səy göstərirlər.”
Rusiyanın ərzaq və gübrə ixracının təmin olunması iyulun 22-də BMT və Türkiyənin vasitəçiliyi ilə əldə olunan sövdələşməsinin ən önəmli aspektlərindən biridir. Həmin sövdələşmə həmçinin Ukraynanın Qara Dənizdən taxıl və gübrə ixracını təmin edib.
Rusiya sövdələşməni tənqid edib və öz ixraclarına hələ də əngəl törədildiyindən şikayətlənib. Moskva Ukraunanın ixraclarına imkan verən sövdələşmənin noyabrdan sonra uzadılmasına qarşı çıxa bilər.
Müqaviləyə nitrat gübrəsinin əsas tərkib hissəsi olan ammonyak daxildir. Ammonyakı Rusiyanın Volqa bölgəsindən Ukraynanın Qara Dənizdəki Pivdenni (Yujnı) limanına daşıyan boru kəməri fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayandan bağlanıb.
BMT isə indi ammonyak ixracının bərpasına vasitəçilik etməyə çalışır.
Ukrayna və Rusiya əsas qlobal taxıl və gübrə ixracatçılarıdır. BMT bildirib ki, Rusiyanın Ukraynada apardığı müharibənin daha da pisləşdirdiyi və 47 milyon insanı “kəskin aclığa” doğru aparan qlobal ərzaq böhranın qarşısını almaq üçün Rusiya və Ukraynadan ixraclarla bağlı razılıq əldə olunmalıdır.