Accessibility links

UNESCO-nun baş direktoru: Jurnalistlərin faciəvi ölümü məni sarsıtdı


UNESCO-nun baş direktoru Odri Azule azərbaycanlı media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcər rayonunda minaya düşərək həlak olması ilə bağlı bəyanat verib.

“Sirac Abışov və Məhərrəm İbrahimovun faciəvi ölümü məni sarsıtdı. Jurnalistlər şəxsi təhlükəsizliklərinə risk olmadan öz vəzifə borclarını yerinə yetirə bilməlidirlər,” Azule qeyd edib.

İyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobili tank əleyhinə minaya düşüb. Nəticədə AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bundan öncə beynəlxalq təşkilatlar jurnalistlərin ölümü ilə bağlı açıqlamalar verib.

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç bildirib ki, baş vermiş hadisə Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalan ərazilərin minalardan təmizlənməsi ehtiyacı yaradır.

“Kəlbəcərdə iki jurnalist də daxil olmaqla, üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlaması Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərin, o cümlədən beynəlxalq əməkdaşlıq yolu ilə minalardan təmizlənməsinə təcili ehtiyacın yarandığını göstərir,” Miyatoviç Twitter səhifəsində yazıb.

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Teresa Ribeiro Kəlbəcər bölgəsindəki mina partlaması nəticəsində müxbir Məhərrəm İbrahimovun (Əlioğlu) və operator Sirac Abışovun ölümü ilə əlaqədar dərin narahatlıq və təəssüfünü ifadə edib. AzTV-nin rejissoru Emin Məmmədov da daxil olmaqla digər şəxslərin yaralandığı bildirilib.

O, istintaqın jurnalistlərin ölümünə görə məsuliyyəti müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG