Accessibility links

UNICEF: Rəfahda 600,000 uşağın getməsi üçün təhlükəsiz yer yoxdur


Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) rəhbəri bazar ertəsi İsrail qüvvələrinin qurudan hücumunun Rəfahda sığınan yüz minlərlə uşaq üçün "fəlakətli risklər" yaradacağı barədə xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatı bu bəyanatı İsrailin mümkün quru əməliyyatından əvvəl Rəfahın bəzi məhəllələrinin boşaldılması barədəki əmrindən sonra yayıb.

UNICEF-in icraçı direktoru Ketrin Rassel "Rəfah indi Qəzzaya təhlükəsiz gedə biləcək heç bir yeri olmayan uşaqların şəhəridir" deyib.

"Əgər genişmiqyaslı hərbi əməliyyatlar başlasa, fiziki və ruhi vəziyyətləri artıq zəif olan uşaqlar təkcə zorakılıq deyil, həm də xaos və panikanın riski altında olacaq" deyə, o əlavə edib.

UNICEF bildirib ki, Rəfahdakı uşaqlar zorla köçürülməməli, onların güvəndiyi infrastruktur və yardımlar qorunmalıdır. Rəfahdakı uşaqların əksəriyyəti yaralı, xəstə, qidasız, travma almış və ya əlill uşaqlardır.

Oktyabr ayında cənuba köçmək üçün verilən təxliyə əmrindən sonra təxminən 1,2 milyon fələstinli vaxtilə təxminən 250 min insanın yaşadığı Rəfaha sığınıb. Əhalinin təxminən yarısı uşaqlardır və onların çoxu dəfələrlə məcburi köçkün olub, çadırlarda və qeyri-sabit evlərə sığınmağa məcbur olub.

Uşaqlar böyüklərlə müqayisədə Qəzza zolağında müharibənin təsirlərinə daha həssasdır. UNICEF-in bildirdiyinə görə, onlar qeyri-mütənasib şəkildə öldürülür və ya yaralanır, səhiyyə, təhsil, qida və su çatışmazlığından daha çox əziyyət çəkir.

Oktyabrın 7-də İsraildə 1200 nəfərin ölümünə və 250-yə yaxın insanın girov götürülməsinə səbəb olan terror aktından sonra İsrail Fələstinin HƏMAS silahlı qruplaşmasına müharibə elan edib.

HƏMAS-ın idarə etdiyi Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin əks-hücumları nəticəsində 34,600-dən çox fələstinli ölüb və ölənlərin azı 14 mini uşaqlardır.

UNİCEF İsraili Qəzzaya yardım əməliyyatlarını asanlaşdırmağa çağıran “Qurumlararası Daimi Komitə”nin fevral bəyanatını bir daha təkrarlayıb.

"Biz İsraili beynəlxalq humanitar və insan haqları hüququna uyğun olaraq, öz hüquqi öhdəliyini yerinə yetirməyə, ərzaq və tibbi ləvazimatlarla təmin etməyə və yardım əməliyyatlarını asanlaşdırmağa, dünya liderlərini isə daha ağır fəlakətin baş verməsinin qarşısını almağa çağırırıq" deyə, komitə bildirib.

Forum

XS
SM
MD
LG