Accessibility links

UNICEF tərəfləri atəşkəsə əməl etməyə çağırır


BMT-nin Uşaq Fondu UNICEF Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, “Dağlıq Qarabağ və ətrafında gedən münaqişə uşaqlara dəhşətli və qəbuledilməz bir ziyan vurur. Ölən və yaralanan uşaqların sayının artması ilə yanaşı onlarla ev və məktəbə ya zərər dəyib ya da dağılıb. Saysız uşaq və ailə həftələrdir həddindən artıq psixoloji travma və iztirablara məruz qalırlar.”

UNICEF tərəfləri “mümkün qədər güclü şəkildə 9 oktyabrda razılaşdıqları atəşkəsə dərhal əməl etməyə” çağırır.

Bəyanatda deyilir ki, “uşaqlar, ailələr və onların asılı olduqları mülki obyektlər beynəlxalq insan haqları və humanitar hüquqlara uyğun olaraq qorunmalıdır.”

“Hərbi əməliyyatların tamamilə dayandırılması bütün uşaqların xeyrinədir,” qurum bildirir.

Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərləri raket hücumuna məruz qalıb. Son rəsmi məlumatlara görə, Gəncə şəhərində mülki əhali arasında azı 15 ölən və 52 yaralanan var.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Twitter hesabında bildirib.

Hücumun Ermənistan ərazisindən qaynaqlandığını bildirən Hacıyev azı 20 binanın dağıldığını bildirib.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan hücumun Ermənistandan qaynaqlandığını inkar edib. Stepanyan Ermənistan səmalarında Azərbaycana məxsus 2 PUA-nın vurulduğunu bildirib. Daha sonrakı Twitter mesajında erməni rəsmi Azərbaycan PUA-larının Syunik regionunda Xnatsax, Artsvanik, Davit Bek yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinə məxsus bazaları və mülki infrastrukturu hədəf aldığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi `Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədi güdür`.

“Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur,” Müdafiə Nazirliyi bildirir.

XS
SM
MD
LG