UNICEF və UNESCO təşkilatlarının bildirdiyinə görə, 800 milyondan çox asiyalı uşaq COVID-19-a görə məktəblərin bağlanması səbəbi ilə "risk qarşısındadır".
"Təhsil xidmətlərinin pozulmasının uşaqlara, xüsusən də həssas qruplara daxil olanlar da olmaqla, təsirinə biganə qala bilmərik. Məktəblər bağlı qaldıqca uşaqlar təhsil almaq və potensiallarını inkişaf etdirmək üçün ən böyük fürsəti əldən verir" - deyə, UNICEF-in Şərqi Asiya və Sakit Okean bölgəsi üzrə direktoru Markoluiic Korsi bildirib.
“Bütün nəslin gələcəyi təhlükədədir. Buna görə də məktəblərin ən qısa zamanda təhlükəsiz şəkildə yenidən açılmasını təmin etmək üçün hər cür səy göstərməliyik. Əks təqdirdə təshildəki itkinin öhdəsindən gəlmək çətin olacaq” - deyə, o əlavə edib.
UNICEF və UNESCO 2020-ci ildə pandemiya yayılmağa başlayandan bəri orta hesabla bölgədəki məktəblərin tədris günlərinin 50%-nin tamamilə bağlandığını deyib.
Filippində məktəblər bütün müddət ərzində bağlı olub və bu səbəbdən 27 milyon şagird fərdi təhsil almayıb. Banqladeşdəki məktəblər sentyabr ayına qədər bağlı olub.
Bəzi tələbələrin distant təhsil almaq imkanı olsa da, UNICEF və UNESCO 220 milyon uşağın bu imkandan istifadə edə bilmədiyini bildirib. Təşkilatlar ölkələri gələcəkdə bütün tələbələrin uzaqdan təhsil almalarına imkan yaratmağa çağırıb.
Asiya İnkişaf Bankının hesablamalarına görə, məktəblərin bağlanması və təhsilin dayandırılması regionun ümümdaxil məhsuluna 1.25 trilyon dollara başa gələ bilər.