Accessibility links

ABŞ Rusiyanın 4 hərbçisini ölkə vətəndaşına qarşı hərbi cinayətlərdə ittiham edir


ABŞ-ın baş prokuroru Merrik Qarland
ABŞ-ın baş prokuroru Merrik Qarland

ABŞ dörd rus hərbçini Rusiyanın Ukraynaya müdaxiləsi zamanı amerikalıya qarşı hərbi cinayət törətməkdə ittiham edib. Ədliyyə Nazirliyindən verilən məlumata görə, belə hal ilk dəfədir baş verir.

Dörd rusiyalıya qarşı hərbi cinayət ittihamları işgəncə, qeyri-insani rəftar, müharibə cinayətlərində sui-qəsd və Amerika vətəndaşına qarşı qanunsuz rəftar ittihamlarından ibarətdir.

"Dünya Rusiyanın Ukraynaya qəddarcasına işğalının dəhşətlərinin şahidi olduğu kimi, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi də bunun şahidi oldu. Bu səbəbdən Ədliyyə Nazirliyi ABŞ tarixində ilk dəfə olaraq Rusiyaya bağlı dörd hərbçini Müharibə Cinayətləri Qanununa əsasən Amerika vətəndaşına qarşı dəhşətli cinayətlər törətməkdə ittiham edib" - deyə, baş prokuror Merrik Qarland açıqlamasında bildirib.

Hərbi cinayətlərdə Suren Mkrtçyan, Dmitri Budnik və sənəddə "Valeri" və "Nazar" adları ilə yer alan daha iki şəxs ittiham olunur. ABŞ vətəndaşının adı açıqlanmayıb.

İttihama görə, müttəhimlər ABŞ vətəndaşını dindirərkən onu döyüb və işgəncə verib. Ədliyyə Nazirliyinin bildirdiyinə görə, onlar həmçinin amerikalını öldürməklə hədələyərək, saxta edam səhnəsi düzəldib.

İddianamənin təqdim edildiyi ABŞ-ın Virciniya ştatının vəkili Cessika Aber "Bu ittihamlar müttəhimlərin iddia edilən hərəkətlərinin müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı Cenevrə Konvensiyasının nəinki kobud şəkildə pozulması, həm də Amerika qanunlarının pozulması olduğunu nümayiş etdirir" deyə, bildirib.

Forum

XS
SM
MD
LG