Qərbi Azərbaycanda Urmiya Gölü Canlandırma Mərkəzinin müdiri Fərhad Sərxoş gölün həcminin keçən ilə görə 2 milyard kub metrdən çox azaldığını bildirib.
Tasnim xəbər agentliyinə danışan rəsmi həmçinin gölün sahəsinin 1461 kvadrat kilometr azaldığını da əlavə edib.
İranın keçmiş prezidenti Həsən Ruhani hökumətinin Urmiyə gölünü xilas etdiyi barədə iddiasının doğru olmadığı və reallıqlardan uzaq olduğu üzə çıxır. Keçən həftələrdə Fars xəbər agentliyinə danışan Urmiyə millət vəkili Seyyid Salman Zakir Ruhani hökumətinin Urmiyə gölü ilə bağlı iddiasının yalandan başqa bir şey olmadığını ifadə etmişdi.
Ətraf Mühit Təşkilatının biomüxtəliflik üzrə müavini Əhməd Əli Keyxa, İRNA xəbər agentliyinə verdiyi müsahibədə Urmiyə gölünün canlandırılması üçün ölkədəki su ehtiyatlarına yanaşmanın reforma ehtiyacı olduğunu ifadə edib. O, Urmiyə Gölünün problemini su ehtiyatlarının düzgün idarə olunmaması ilə əlaqədar olduğunu söyləyib.
Binab şəhərinin İran parlamentindəki deputatı Məhəmməd Bağıri ölkənin əksər vilayətlərində su böhranı olduğunu ancaq, Şərqi Azərbaycan vilayətində olan böhranın su ehtiyatlarını düzgün şəkildə idarə etməməkdən baş verdiyini ifadə edib. O, həmçinin İbrahim Rəisi hökumətində Urmiyə Gölünü canlandırma üçün bir səlahiyyətlinin təyin edilməsini istəyib. Bağıri Urmiyə Gölünün xilas edilmədiyi təqdirdə mühacirətlərə və əhali arasında xroniki xəstəliklər və ekoloji böhranların artmasına səbəb olacağı barədə xəbərdarlıq edib.