Hüquq müdafiəçiləri daha əvvəl edama məhkum edilmiş dörd məhbusun Urmiyə həbsxanasında dar ağacından asıldığını bildiriblər.
Avropa mərkəzli İran İnsan Haqları Təşkilatının (İran HR) bazar günü yaydığı xəbərə istinadən, 4 kişinin ölüm cəzası cümə günü tətbiq edilib.
İnsan haqları qrupunun bildirdiyinə görə, Müqəddəm Əlizadə, Həmdullah Qənbəri, Feyzullah Muradi və Hüseyn Abbaszadə qətl ittihamı ilə mühakimə edilmiş və “qisas” cəzası almışdılar.
Adı keçən şəxslər edam edilmədən iki gün əvvəl başqa bir məhbusla birlikdə təkadamlıq kameralara yerləşdirilmişdilər. İran HR-ın xəbərinə əsasən, 5-ci şəxs qətlə yetirdiyi şəxsin ailəsindən “razılıq və ya möhlət” aldıqdan sonra daha əvvəl saxlanıldığı bölməyə qaytarılıb.
İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı saldıqları təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini ödəyə bilməyən məhkumlara ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.