İran dövləti gələn il üçün parlamentə təqdim etdiyi büdcə layihəsində Urmiyə Gölü Canlandırma Mərkəzinin büdcəsini 498 milyon tümən, yəni 20 min dollar təyin edib.
Bir zamanlar su səviyyəsinin yüksəlməsi nəticəsində problemlərə yol açan Urmiyə gölü 20 ilə yaxındır ki, quruma təhlükəsi ilə qarşı-qarşıyadır və Yaxın Şərqin ən böyük duzlu gölünün quruması ardından baş verə biləcək duz fırtınaları nəticəsində milyonlarla insanın həyatını təhlükədədir.
Ötən ilin iyununda İran prezidenti Həsən Ruhani Urmiyə Gölü Canlandırma Mərkəzini təsis edərək, gölün yenidən bərpası üçün bir sıra layihələrin, o cümlədən kənd təsərrüfatı rejimlərində dəyişiklik, gölə gedən çayların dibinin təmizlənməsi və başqa su hövzələrindən gölə su kanallarının inşasının başladığını bildirmişdi. Həmin layihələrin yekunlaşması və istifadəyə verilməsi üçün yetərli miqdarda maliyyələşdirilmədiyi barədə tənqidlər irəli sürülmüşdür.
İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın Tasnim xəbər agentliyinin məlumata əsasən, ötən ilin bol yağıntılarının ardından gölün su səviyyəsinin yüksəlməsi, Canlandırma Mərkəzinin bütün layihələrin büdcəsi kəsilərək layihələr yarımçıq qalmışdı. Ötən illərdə icra edilən layihələrin büdcəsi həmin mərkəz tərəfindən təmin edilirdi.
İran rəsmilərinin verdiyi məlumata görə, 2013-cu ildən bu günədək 6000 milyard tümən sərf edilməsinə baxmayaraq, nəticəyə çatmayan layihələr, gələcək il üçün təklif edilən yarım milyard tümənlik büdcə ilə necə sona gələcəyi barədə İran Azərbaycanında milli və ətraf mühit fəalları, həmçinin Urmiyə gölünün hövzəsində yaşayan vətəndaşların narahatlığına səbəb olmuşdur.
Urmiyə gölünün bərpa edilməsi üçün gölün su səviyyəsinin təxminən 2 metr daha yüksəlməsi gərəkir. Digər sözlə gölün tamamilə canlanması üçün hal-hazırda göldə üç milyard kubmetr mövcud suya, 9 milyard kubmetrdən çox su əlavə edilməlidir.
Urmiyə Gölü Canlandırma Mərkəzinin keçən il dekabrın 15-də verdiyi son statistikalara görə, göldə 3 milyard 24 milyon kubmetr su mövcuddur ki, bu, ötən il ilə müqayisədə 5 milyon kubmetr azdır. Halbuki 2020-ci il iyunun 23-də Həsən Ruhani Urmiyə Gölü Canlandırma Mərkəzinin fəaliyyətləri nəticəsində gölün xilas edildiyini iddia etmişdi. Ancaq mütəxəssislər bu iddianı rədd edərək, ötən il gölün su səviyyəsinin yüksəlməsinə artan yağıntıların səbəb olduğunu irəli sürmüşdü.