Accessibility links

Urmiyə və Zəncanda edamlar baş verib, Salmasda iki edam məhkumu əfv edilib


Hüquq müdafiəçiləri martın 14-də Urmiyə və Zəncan həbsxanalarında ən azı iki nəfərin dar ağacından asıldığına dair məlumat yayıb.

İran İnsan Haqları Təşkilatının (İRAN HR) xəbərinə görə, “daha əvvəl qətl ittihamı ilə məhkum olmuş Arəş və Nicat Varisi qardaşları bazar günü Zəncan həbsxanasında dar ağacının altına aparılıblar. Arəşin edam hökmü icra edilib. Lakin Nicatın taleyi haqqında dəqiq məlumat yoxdur.”

Əslən Kürdüstan vilayətinin Bicar şəhərindən olan Varisi qardaşları təqribən 10 il əvvəl qətl ittihamı ilə həbs edilmişdilər.

Həmin gün Urmiyənin mərkəzi həbsxanasında da bir məhkum dar ağacından asılıb. İran HR-in məlumatına istinadən, əslən Qərbi Azərbaycan vilayətinin Bukan şəhərindən olan Nasir Vəlizadə də qətl ittihamı ilə mühakimə edilmişdi.

Həmçinin Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində edama məhkum olmuş iki nəfər qətlə yetirdikləri şəxsin ailəsi tərəfindən əfv edilərək dar ağacından xilas olublar.

Bu haqda mətbuata məlumat verən Salmas şəhərinin prokuroru Nasir Abbasinin dediklərinə görə, “ədliyyə rəisi və qan sahiblərinin (qətlə yetirən şəxsin ailəsi) vəkilinin vasitəçiliyi ilə qan sahiblərinin razılığı alındı və bu məhkumlar ölümdən qurtuldular.”

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtara bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

XS
SM
MD
LG