Accessibility links

Urmiyədə türkcə mizah şeiri ustadının yaradıcılıq gecəsi keçirilib


“Çolpa” adlı şeir gecələri
“Çolpa” adlı şeir gecələri
İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Urmiyəli satirik yazar və şairlərin təşkil etdiyi “Çolpa” adlı şeir gecələri sırasında keçirilən ikinci böyük mizah ədəbiyyatı tədbiri 82 yaşlı tanınmış satirik şairi Marağalı Kəriminin yaradıcılıq gecəsinə həsr edilib.

Müxtəlif şəhərlərdən gələn tanınmış şair, yazar və incəsənət xadimləri, habelə Qərbi Azərbaycan vilayətinin bəzi məsullarının iştirakı ilə keçirilən tədbirdə Marağalı Kəriminin əsərləri və yaradıcılığı ilə bağlı çıxışlarla yanaşı, satirik şeirlər oxunub və aşıq mahnıları ifa edilib.

“Marağalı Kəriminin satirik şeirlərinin əsas mesajı insanları yaxşılıq etməyə, pisliklərdən isə uzaq durmağa çağırmaq olub. Kərimi ustad Şəhriyar kimi dilimizin və kültürümüzün genişlənməsində böyük rol oynayıb. Onu türklərin yaşadığı bir çox ölkədə tanıyırlar,” deyə mərasimin təşkilatçılarından olan Mustafa Quluzadə Əliyar söyləyib.

Marağalı Kərimi xalq arasında mərhum ustad Şəhriyar və Dədə Katib kimi məşhur şairlərlə eyni səviyyədə geniş şəkildə tanınıb, sevildiyi üçün Azərbaycan vilayətlərində bəzi dövlət məsullarının da hörmətini qazanmış şəxsiyyətlərdəndir.

Türk və Fars dillərində yazan tanınmış şairin bu günə qədər 37 şeir toplusu işıq üzü görüb. Onun satirik şeirlərinin çoxu altı cildlik məşhur Rəngarəng kitabında yayılıb.
“Gülüş ve sevinc qonaqlığı” mesajı daşıyan Çolpa şeir gecələri İslami Təbliğat Birliyinin incəsənət dairəsinin dəstəyi ilə təşkil edilir.
XS
SM
MD
LG