Birləşmiş Ştatlar Ukraynaya səmasını müdafiə etmək üçün "HIMARS" və "AIM-9M Sidewinder" raketləri də daxil olan 250 milyon dollarlıq əlavə hərbi yardım paketi təqdim edir.
ABŞ ilk dəfədir ki, Ukraynaya qısamənzilli, hava-hava hücumları üçün istifadə edilə bilən "Sidewinder"lər verir.
Yardım paketinə minatəmizləmə avadanlıqları, tank əleyhinə "TOW" raketləri və çiyindən atılan "Javelin" kimi silahlar daxildir.
Paketə "ATACMS" kimi tanınan uzunmənzilli Ordu Taktiki Raket Sistemləri yenə daxil edilməyib. Bu, 2014-2017-ci illərdə Avropada ABŞ ordusunun komandanı vəzifəsində çalışmış, istefada olan general-leytenant Ben Hodges kimi analitiklərin tənqidinə səbəb olub.
"Təəssüflər olsun ki, ukraynalılar çox sayda itki verməyə davam edəcək, çünki biz, Qərb onlara lazım olan imkanlarla təmin etmədik. Və mən konkret olaraq uzaqmənzilli dəqiq silahlardan danışıram" - deyə, Hodges çərşənbə axşamı Amerikanın Səsinə bildirib.
Moskva bu ilin əvvəlində Ukraynaya yenidən hücuma başlayıb və bu hücumda irəliləyiş olmayıb.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinə qarşı hazırkı əks-hücum əməliyyatını asta, lakin davamlı kimi xarakterizə edib. Ukrayna qüvvələrinə bu ay ehtiyat qoşunları əlavə edilib və onlar Rusiya qüvvələrinin cənub-şərq müdafiə xətlərinin bəzilərini yarıb.
Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder keçən cümə axşamı Pentaqonda keçirdiyi brifinq zamanı Amerikanın Səsinə "Ukrayna döyüşməyə davam edir. Onlar cəbhə xəttində müəyyən irəliləyiş əldə edir, lakin bu, çətin olacaq" deyib.
Forum