Ağ Ev cümə günü bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya 725 milyon dollar dəyərində hərbi yardım göndərib. Bu, ABŞ-ın Kyivə yardım etmək üçün göndərdiyi ən son, Rusiyanın Ukraynanın mülki əhalisinə qarşı genişmiqyaslı raket hücumlarından sonra isə ilk təhlükəsizlik yardımı paketidir.
ABŞ rəsmiləri deyib ki, yardım paketinə əhəmiyyətli yeni silahlar və ya havadan hücuma qarşı müdafiə sistemləri daxil deyil. Ona Ukraynanı Kyivin Rusiyaya qarşı əks-hücumda uğurlu şəkildə istifadə etdiyi sursat və silahlar daxildir.
“Bizim göndərdiyimiz silahlar Ukraynanın döyüş meydanında maksimum fərq yaratması üçün diqqətli şəkildə yoxlanılıb,” ABŞ-ın dövlət katibi Antoni Blinken cümə günü açıqlamasında bildirib.
Britaniyanın müdafiə nazirliyi şənbə günü deyib ki, Rusiya ötən ay elan etdiyi səfərbərlik proqramının bir hissəsi olaraq döyüşlərə daha çox qoşun cəlb etsə də, ehtimal olunur ki, əsgərlər zəif təchiz olunub.
Nazirliyin Twitter-də paylaşdığı kəşfiyyat açıqlamasına əsasən, “çox güman ki, ehtiyatda olan əsgərlərin çoxundan bədən zirehlərini özlərinin almaları tələb olunur, xüsusilə də Ratnik şəxsi texnika Proqramının bir hissəsi kimi döyüş bölmələri üçün problem olan müasir 6B45 jileti.”
Hesabatda bildirilir ki, həmin jiletlər hazırda Rusiya vebsaytlarında 40000 rubla, yəni 640 dollara satılır. Aprel ayında isə həmin jiletlər 12 min rubla (19o dollara) satılırdı.
Rusiya qüvvələri cümə günü Ukrayna şəhərlərinə zərbələr endirməyə davam edir və ölkənin ikinci ən böyük şəhəri olan Xarkivə azı dörd raket atıb. Ukrayna isə cavab olaraq Rusiya ərazisinə artilleriya atıb və sursat anbarını vurub.
Cümə günü Rusiyanın Belqorod bölgəsində yerləşən həmin obyektdə bir neçə partlayışın olduğu bildirilib. Bölgə qubernatoru hücumla bağlı Telegram kanalında məlumat verib. Ukrayna rəsmiləri hücumun məsuliyyətini üzərlərinə almayıblar.
Bu arada isə Rusiya prezidenti Vladimir Putinin oraya daha çox qoşun yerləşdirməklə müharibəni eskalasiya etmək üçün atdığı son addımları müdafiə edib.
Putin cümə günü Ukraynaya yeni kütləvi zərbələr endirməyə ehtiyacın olmadığını və Rusiyanın ölkəni məhv etmək istəmədiyini deyib. Eyni zamanda isə Rusiya lideri Ukraynadakı müharibədən və bu yaxınlarda ehtiyatda olan 222 min rusun səfərbər edilməsindən “peşman olmadığını” deyib.
Cümə günü Qazaxıstanın Astana şəhərində keçirilən mətbuat konfransında Putin deyib ki, Rusiya ehtiyatda olanların səfərbərliyini iki həftə müddətində başa çatdıracaq. Rusiyanın Müdafiə Nazirliyi ötən ay qarşısına ehtiyatda olan 300 min əsgəri səfərbər etməyi məqsəd qoymuşdu. Bu da Rusiyada etirazlara və on minlərlə kişinin ölkəni tərk etməsinə səbəb oldu.
Putin onlardan 33 min nəfərin artıq hərbi bölmələrə qoşulduğunu, 16 minin isə döyüşlərə göndərildiyini bildirib.