Accessibility links

ABŞ-ın baş prokuroru müharibə cinayətlərinə dair mühakimələrə dəstək məqsədilə Ukraynaya səfər edib


ABŞ-ın baş prokuroru Merrik Qarland və Ukraynanın baş prokuroru İrina Venediktova
ABŞ-ın baş prokuroru Merrik Qarland və Ukraynanın baş prokuroru İrina Venediktova

ABŞ-ın baş prokuroru Merrik Qarland Kyivə hərbi cinayətlərdə və digər vəhşiliklərdə ittiham olunan Rusiya qüvvələrinin mühakimə edilməsində Amerikanın dəstəyini nümayiş etdirmək məqsədilə çərşənbə axşamı Ukraynaya səfər edib.

Qarland Ukraynanın baş prokuroru İrina Venediktova ilə görüşüb. Venediktova Kyievin bildirdiyi kimi, Rusiyanın Ukraynaya təxminən 4 ay əvvəl başlamış təcavüzündən bəri qeydə alınan 16 min hərbi cinayətlə bağlı təhqiqata rəhbərlik edir.

Rusiya tərəfi Ukraynada mülki insanları hədəf aldığını təkzib etməyə davam edir.

Qarland görüşdən əvvəl jurnalistlərə bildirib: "Mən Rusiyanın səbəbsiz və ədalətsiz müdaxiləsinin qızğın vaxtında ABŞ-ın Ukrayna xalqına sarsılmaz dəstəyini ifadə etmək üçün buradayam."

"Birləşmiş Ştatlar açıq-aşkar mesaj göndərir. Gizlənmək üçün heç bir yer yoxdur. Biz və tərəfdaşlarımız bu vəhşiliklərə görə cavabdeh olanların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyik," o əlavə edib.

Bundan əlavə, Qarlandın rəhbərlik etdiyi ABŞ Ədliyyə Departamenti Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzünü dəstəkləyən rusiyalı oliqarxların yaxtalarını və digər aktivlərini ələ keçirməyə yönəlmiş “KleptoCapture” adlı xüsusi işçi qrupu yaradıb.

Ötən həftə ABŞ Ficidə ələ keçirdiyi super yaxtanı müsadirə edib.

Keçən ay Ukraynada keçirilən ilk müharibə cinayətləri məhkəməsində bir rusiyalı əsgər fevralın 24-də müdaxilə başladıqdan dörd gün sonra silahsız mülki vətəndaşı güllələməklə bağlı günahını etiraf edib.

21 yaşlı Vadim Şişimarin 62 yaşlı ukraynalıya ölümcül hücumda təqsirli bilinərək, ömürlük həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG