Accessibility links

ABŞ, Avstraliya və Britaniyanın müdafiə alyansına Yaponiya da qoşula bilər


Financial Times nəşrinin xəbər verdiyinə görə, ABŞ, Avstraliya və Britaniya üçtərəfli AUKUS müdafiə alyansına yeni üzvlərin cəlb edilməsi üçün danışıqlara başlamağı planlaşdırır. Bu məlumatlara əsasən, Vaşinqton Çinə qarşı çəkindirici vasitə kimi Yaponiyanın alyansda iştirak etməsini istəyir.

Nəşr mənbələrə istinadən xəbər verir ki, üç ölkənin müdafiə nazirləri bazar ertəsi, aprelin 8-də paktın "ikinci komponenti" üzrə müzakirələrin başlandığını elan edəcək. Bu, xüsusilə kvant sahəsində tədqiqatlar, sualtı və hərbi texnikanın inkişafı, hipersəs texnologiyaları, kiber texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığı nəzərdə tutur.

Financial Times Avstraliyanın nüvə sualtı qayıqlarının tədarükünün "birinci sütununun" uzadılmasının hələ nəzərdən keçirilmədiyini bildirib.

2021-ci ildə üç ölkə tərəfindən qurulan AUKUS Çinin Hind-Sakit Okean regionunda genişlənməsinə qarşı mübarizə səylərinin bir hissəsidir.

Prezident Co Bayden Yaponiya və Filippin də daxil olmaqla, Asiyadakı müttəfiqləri ilə tərəfdaşlığı gücləndirməyə çalışır. Yüksək səviyyəli administrasiya rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, Yaponiyanın alyansda iştirakı ilə bağlı rəsmi açıqlamalar gələn həftə verilə bilər.

ABŞ-ın Tokiodakı səfiri Ram Emanuel Wall Street Journal qəzetindəki məqaləsində Yaponiyanın “ikinci sütun”a “ilk əlavə tərəfdaşı olmağa hazır olduğunu” yazıb.

Çərşənbə günü, aprelin 10-da Yaponiyanın baş naziri Fumio Kişidanın Vaşinqtona səfəri zamanı prezident Bayden çox güman ki, onunla AUKUS-un genişləndirilməsini müzakirə edəcək.

Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, alyans üzvləri AUKUS layihəsinin ikinci komponentinə tərəfdaşları cəlb etmək üçün imkanlar axtaracaq, hər üç tərəfdaş tərəfindən daha çox ölkənin iştirakına qərar veriləcək və elan ediləcək. Bununla belə, mənbələrdən biri deyib ki, Avstraliya sualtı nüvə qayıqlarının Kanberraya çatdırılmasında irəliləyiş əldə olunmayana qədər yeni layihələrə başlamaqdan çəkinir.

Britaniyanın Müdafiə Nazirliyi də bu işə daha çox müttəfiq cəlb etmək istədiyini bildirib.

Forum

XS
SM
MD
LG