ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Azərbaycanı COVID-19 təhlükəsinə görə ən yüksək səviyyəyə qaldırıb, bu ölkələrə səyahətlə bağlı xəbərdarlıq edib.
Mərkəz bu barədə fevralın 14-də rəsmi məlumat açıqlayıb.
Məlumata görə, ölkə səyahət xəbərdarlığının ən yüksək – 4-cü səviyyəsinə qaldırılıb. Bundan əlavə Belarus, Cənubi Koreya daxil bir neçə ölkə və ərazi də bu səviyyədə yer alıb.
Xəbərdarlıqda deyilir ki, Belarusa, yaxud Azərbaycana getməyə məcbur qalanlar mütləq vaksinlənmiş, səyahətdən öncə COVID-19 vaksinasiyaları “yenilənmiş” olmalıdır. Qurum bildirir ki, hətta vaksin vurduranların belə virusa yoluxma və onu yayma riski var.
Son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Mütəxəssislər hecab edir ki, hazırki epidemioloji vəziyyət qış və yaz fəsillərinin növbələşməsinə qədər davam edəcək.
Fevralın 16-da restoran və ticarət mərkəzlərində buster doza tələb olunacaq.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Fevralın 14-nə kimi Azərbaycanda ümumilikdə 745 min 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 min 50 nəfərin vəfat etdiyi bildirilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib. Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.
Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.