Accessibility links

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları prezident Obamanı ikinci müddətə seçilməsi münasibətilə təbrik edib


Diaspor təşkilatları Obama administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri artıracağına ümid etdiklərini bildirib

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, USAN, Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurası prezident Barak Obamaya noyabrın 6-da ikinci müddətə Birləşmiş Ştatlar prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb.

USAN
USAN
USAN təşkilatı ABŞ-da yaşayan azərbaycanlıların adından prezident Barak Obama, vitse-prezident Co Bayden, Konqres üzvləri, qubernatorlar və stat qanunvericilərini təbrik edib. Təşkilatın Azərbaycan icmasının üzvlərinə göndərdiyi açıqlamada deyilir ki, USAN və onun üzvləri ABŞ-da yaşayan azərbaycanlıların tanınması, eyni zamanda, ABŞ administrasiyası və Konqresinin azərbaycanlıları gənc etnik seçici bloku kimi təmsil etməsi işinə yardım etməyə çalışır.

USAN həmçinin qubernator Romni və amerikalı azərbaycanlı professor Rob Subhani də daxil olmaqla, Konqresə seçilmək uğrunda rəqabət aparan digər namizədləri kampaniyaları ilə seçkilərin sağlam və güclü demokratik şəraitdə keçməsinə töhfə verdiklərinə görə təbrik etmişdir.

Təbrikdə habelə azərbaycanlı amerikalılar, eləcə də türk Amerika icmasının üzvlərinin yeni administrasiya və Konqres, ştatlarda yerli rəsmilərlə bütün mühüm məsələlər ətrafında işləməyə hazır olduğu bildirilir. Eyni zamanda, USAN-ın təbrikində azərbaycanlı amerikalılar üçün ən mühüm məsələnin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olaraq, Azərbaycan torpaqların Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında azad edilməsi olduğu qeyd edilərək, azərbaycanlı amerikalıların Birləşmiş Ştatlar və Azərbaycan arasında uzunmüddətli strateji müttəfiqlik münasibətlərinə və ABŞ-la türk dünyası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verdiyi bildirir.

Azeri-America
Azeri-America
Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurasının prezident Obamanın yenidən prezident seçilməsi münasibətilə icma üzvlərinə göndərdiyi birgə təbrik məktubunda növbəti dörd il ərzində Obama administrasiyasının ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işi davam etdirəcəyilə bağlı ümid ifadə olunub.

Məktubda qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olmaması regional sabitlik, enerji mənbələrinin inkişaf etdirilməsi, eləcə də iqtisadi və demokratik islahatların həyata keçirilməsi kimi prioritet sahələrdə inkişafa nail olmaq qarşısında əsas maneədir. “Buna görə də biz administrasiyanın ATƏT-in Minsk Qrupu çərçivəsində sülh prosesi ilə yaxından məşğul olacağına və xüsusi maraqları təmsil edən etnik qrupların Cənubi Qafqazda ABŞ-ın xarici siyasətinə mənfi təsirinin qarşısını ala biləcəyinə inanırıq”-deyə məktubda bildirilir.

Diaspor təşkilatları azərbaycanlı amerikalıların İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həll ediləcəyinə və Obama administrasiyasının İran əhalisinin üçdə birini təşkil edən etnik azərbaycanlıların ağır durumuna diqqət yetirəcəyinə ümidlərini ifadə edib. Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurası vətəndaş borcunu yerinə yetirib seçkilərdə iştirak edən bütün azərbaycanlılara təşəkkür edərək, onların demokratik prosesdə fəal iştirakının Azərbaycan-Amerika icmasının tərəqqisi prosesinin əsas hissəsi olduğunu qeyd edib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG