Accessibility links

Havanın istiləşməsi ilə Nyu York ştatının qərbində daha çox cəsəd aşkar edilib


Çərşənbə axşamı donun əriməyə başlaması Baffaloya həm bir qədər rahatlıq gətirib, həm də bölgədə onilliklərin dəhşətli fırtınasından sonra əriyən qarın altından daha çox cəsəd tapmaq imkanı verib.

Rəsmilər güclü qar fırtınalarına meylli olan Nyu Yorkun ştatının qərbində cümə və şənbə günləri davam edən çovğun nəticəsində 30-dan çox insanın öldüyünü bildirib. 1977-ci ildə baş verən tarixi çovğun 29 nəfərin həyatına son qoyub.

Entveyn Parker "The Buffalo News" qəzetinə anası Karolin Yubanks ona yardım etməyə çalışan tanımadığı insanların evində öldüyünü deyib.

63 yaşlı Yubanksa oksigen aparatı taxılmalı idi. Evində elektrikin kəsilməsi və çovğun zamanı fövqəladə hallar xidmətinin zənglərə cavab verə bilməməsi səbəbindən Parker ögey qardaşı ilə birlikdə anasını xilas etmək üçün şənbə günü qarda maşın sürdüyünü deyib. Onun sözlərinə görə, anasını maşına apararkən yıxılıb.

"O, "Mən daha gedə bilmərəm" dedi. Mən ona "ana, ayağa qalx" deyə, yalvardım. O, qucağıma düşdü və başqa söz demədi" , Parker qəzetə deyib.

Ögey qardaşlar yardım üçün yaxınlıqdakı evlərin qapılarını döyüb. Onlar David Pardi adlı şəxsin Yubanksı evinə aparmağa yardım etdiyini və həyata qaytarmağa çalışdığını, lakin onu xilas edə bilmədiyini deyib.

Milli Meteoroloji Xidmətdən verilən məlumata görə, çərşənbə günü temperaturun təxminən müsbət 7 dərəcəyə, cümə günü isə təxminən müsbət 10 dərəcəyə yüksələcəyi gözlənilir.

Nyu York ştatının rəsmiləri, əsasən də Baffaloda avtomobillərdə və qarın altında qalan cəsədlərin aşkar edildiyini, xilasedicilər və təcili yardım işçilərinin "maşın-maşın" gəzərək, sağ qalanları axtardığını deyib.

Flightaware.com saytının bildirdiyinə görə, qar fırtınası, uğultulu külək və temperaturun sıfırdan aşağı olması son günlər ABŞ-da 15 mindən çox uçuşu, eləcə də bazar ertəsi 4 mindən çox uçuşu ləğv etməyə məcbur edib.

XS
SM
MD
LG