Accessibility links

ABŞ İsraili İrana qarşı düşmənçilik hərəkətlərinin artmasından çəkinməyə çağırıb


İsrail hökuməti keçən həftə sonu İranın 300-dən çox raket və dronla həyata keçirdiyi hücuma cavab tədbirləri görməyi nəzərdən keçirdiyi vaxt ABŞ İsraili təmkinli olmağa və Yaxın Şərqdə münaqişənin gərginləşməsindən çəkinməyə çağırıb.

“Biz gərginliyi artırmağa çalışmırıq, lakin İsrailin müdafiəsini dəstəkləməyə və bölgədəki şəxsi heyətimizi qorumağa davam edəcəyik”, ABŞ Dövlət katibi Antoni Blinken İraqın baş nazirinin müavini Məhəmməd Əli Təmimlə görüşün əvvəlində deyib.

İsrail hökumətindəki mənbənin bildirdiyinə görə, İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi 24 saatdan az bir müddətdə müharibə kabinetinin ikinci iclasını keçirib.

İranın hücumunun İsrail və İran arasında bütün Yaxın Şərqə yayılan açıq müharibəyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar artır.

Prezident Co Bayden Netanyahuya ABŞ-ın İsrailin İrana cavabında iştirak etməyəcəyini deyib.

İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibə İsraillə Livan, Suriya, Yəmən və İraqda İranın nəzarətində olan qüvvələr arasında toqquşmalara səbəb olub.

İsrail bildirib ki, Livan silahlı qruplaşması Hizbullah ilə gecə ərzində atışma zamanı sərhəddən bir neçə yüz metr aralıda Livan ərazisində dörd əsgəri yaralanıb.

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi bildirib ki, onun hökuməti İsrail və İran arasında vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.

Böyük Yeddilər (G7) qrupu ölkələri bazar günü danışıqlardan sonra İranın İsrailə hücumunu “birmənalı şəkildə” pisləyib.

Britaniyanın baş naziri Rişi Sunak bazar ertəsi bildirib ki, G7 qrupu Tehranın şənbə günü İsrailə hücumundan sonra İrana qarşı koordinasiyalı tədbirlər paketi üzərində işləyir.

"Biz müttəfiqlərimizlə birlikdə İranın hərəkətlərini məhdudlaşdırmaq və qınamaq üçün koordinasiyalı şəkildə hansı addımları ata biləcəyimizi anlamaq üçün çalışırıq", Sunak parlamentdə G7 liderlərinin həftə sonu müzakirələrinə istinad edərək bildirib.

Forum

XS
SM
MD
LG