Accessibility links

ABŞ və Kanada İran etirazçılarına dəstək ifadə ediblər


ABŞ dövlət katibi Antoni Blinken və onun kanadalı həmkarı cümə axşamı İranda gənc qadının ölümünə etiraz etmək üçün küçələrə çıxan nümayişçilərə dəstək ifadə ediblər.

Blinken cümə axşamı Ottavada deyib ki, o və Kanadanın xarici işlər naziri Melani Coli məsələ ilə bağlı fikir mübadiləsi aparıblar.

"Biz İran rejimini Məhsa Əmininin öldürülməsindən 40 gündən çox vaxt keçsə də, öz haqlarını tələb etmək üçün küçələrə çıxmağa davam edən cəsur gənc qadınlara qarşı amansız repressiyalarına görə cavabdeh tutmaq üçün birlikdə çalışırıq" – deyə, Blinken bildirib.

"Kanada zülmə qarşı mübarizə aparan bütün iranlıları salamlayır və biz rejimə cəsarətlə meydan oxuyan qadın və qızların yanındayıq. Mesaj sadədir: qadın hüquqları insan hüquqlarıdır. İranın cəsur qadınlarını dəstəkləmək və onları təqib edənləri cavabdeh tutmaq bizim mənəvi borcumuzdur" – deyə, Coli birgə mətbuat konfransında bildirib.

Blinken həmçinin bildirib ki, Coli və daha 11 qadın xarici işlər nazirinin həftənin əvvəlində İranın repressiv rejimi ilə bağlı yaydığı bəyanatı tam dəstəkləyir.

Həmin bəyanatda deyilir: "Biz qadın xarici işlər nazirləri olaraq, onların dinc toplaşmaq hüquqlarını müdafiə edən və insan haqlarını müdafiə edən cəsarətli iranlı qadınlarla həmrəylik üçün toplanmışıq. Biz İran qadınlarının da daha yaxşı gələcək üçün mübarizə apardığını qəbul edirik. Bütün iranlılar və onları dəstəkləmək mənəvi borcumuzdur. Biz bütün dünyada insanların öz insan hüquqlarını və əsas azadlıqlarını istifadə etmələrini və onlardan faydalanmalarını təmin edən insan haqları müdafiəçilərinin, xüsusən də qadın hüquq müdafiəçilərinin həyati vacib işini güclü şəkildə dəstəkləyirik".

XS
SM
MD
LG