Medianın məhkəmə sənədlərinə istinadən verdiyi məlumata görə, şənbə günü Kolorado ştatında homoseksual kluba 5 nəfərin ölümü və 18 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumda şübhəli bilinən şəxs qətl və nifrət zəminində cinayət ittihamları ilə həbs edilib.
Kolorado ştatının Kolorado-Sprinqs şəhərində şənbə günü homoseksualların gecə klubuna edilən silahlı hücum zamanı ölən 5, yaralanan 18 nəfərin xatirəsi göz yaşları və şamlarla anılır.
Məhkəmənin ilkin qərarına görə, qətl və nifrət zəminində cinayətlərlə ittihamları irəli sürdüyü 22 yaşlı şübhəli polis nəzarətindədir. Yerli rayon prokuroru qərəzli cinayətlərə qarşı çıxış edib. El-Paso mahalının prokuroru Maykl Allen: "Kimliyindən asılı olmayaraq, hər bir insan qorxu, fiziki zərər və konkret icmalarda qorxu yaratmaq kimi hərəkətlərdən qorunmaq hüququna malikdir".
Sabrina Aston oğlu Danielin silahlı şəxs tərəfindən öldürüldüyünü deyir. "Bu, oyana bilməyəcəyiniz bir kabus kimidir. Mən bunun səhv olduğunu düşünürəm. Onların səhv etdiyini, onun əslində sağ olduğunu fikirləşirəm."
Rəsmilər hücumçunun daha çox zərər verməsinin qarşısını alan insanlara təşəkkür edib. Kolorado Sprinqsin polis rəisi Adrian Vaskez: "Şübhəli şəxs klubda olarkən, orada olan azı iki cəsarətli şəxs şübhəli şəxslə qarşı-qarşıya gəlib və onun daha çox insanı öldürməsinin və zərər verməsinin qarşısını ala bilib".
Hücumçu içəri girən zaman klubun himayədarlarından biri olan Coşua Turman rəqs meydançasında olub. Lakin o gizlənı bilib."Mənim ağlıma hər şey - həyatım, dostlarım, ailəm, sevdiklərim gəldi. Mən bura ad günümü qeyd etməyə gəlmişdim" deyir, Coşua.
Bu arada, LGBTQ icmasının üzvləri kədərli və qəzəbli olduqlarını deyir. "One Colorado" təşkilatından Nadin Brices: "Və oradakı insanlara, LGBTQ əleyhinə ritorikasını davam etdirən insanlarla deyirəm: Sizi görürük və bunun bir daha baş verməsinə imkan verməyəcəyik."
Leya Jene şənbə gecəsi klubda çıxış edib və atışma zamanı dostlarını itirib. O, ictimaiyyətin dəstəyini alqışlayır. ""Kolorado Sprinqs orada olmaq və doğru olanı müdafiə etmək üçün o qədər də böyük yer deyil. Beləliklə, bu dəfə bunun dəyişməsi və bir çox insanın dəstəyini göstərərək ayağa qalxması təqdirə layiqdir."
"Amerikalılar nifrəti qəbul edə bilməz və etməməlidir" - deyə, Ağ Ev münasibət bildirib.