Accessibility links

Yeni araşdırmalar: ABŞ-da koronavirusun omikron variantına yoluxmalar yaxın zamanda sürətlə azalacaq


Yeni araşdırmaların nəticələrinə görə, ABŞ-da koronavirusun yeni omikron variantına yoluxmalar dramatik şəkildə azala bilər.

Sietldakı Vaşinqton Universitetinin tədqiqatçılarının proqnozlarına görə, yanvarın 19-na qədər gündəlik yoluxma halları ən yüksək həddə - 1,2 milyona çatacaq və ondan sonra kəskin şəkildə azalmağa başlayacaq.

Universitetin tibb elmləri professoru Əli Mökdad Associated Press xəbər agentliyinə gözlənilən azalmanın səbəbinin "sadəcə yoluxmalı ola biləcək hər kəsin yoluxduğu" olduğunu deyib.

Britaniya hökuməti də yeni COVID-19-a yoluxmaların kəskin azaldığını, bu ayın əvvəlində gündə 200 mindən çox yoluxma qeydə alındığı halda həftə sonu bu rəqəmin təxminən 140 minə düşdüyünü bildirib.

Cənubi Kaliforniyanın Kaiser Permanente tədqiqatçıları tərəfindən aparılan başqa bir araşdırma omikronun digər variantlardan daha yüngül olduğunu bildirib.

Tədqiqatçılar səhiyyə sistemi tərəfindən müalicə olunan 70 minə yaxın koronavirus xəstəsinin qeydlərini araşdırıb və müəyyən ediblər ki, onlardan 50 mindən çoxu omikrona yoluxub və mexaniki tənəffüs aparatına ehtiyac olmayıb.

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, omikronla yoluxmuş xəstələrin xəstəxanada qalma müddəti koronavirusun delta variantı ilə müqayisədə daha qısadır.

Çərşənbə axşamı internetdə yayımlanan, lakin resenziya almamış araşdırma keçən ay Britaniya və omikron variantının ilk dəfə noyabr ayında aşkar edildiyi Cənubi Afrikadakı araşdırmaların nəticələri ilə oxşardır.

XS
SM
MD
LG