Accessibility links

ABŞ Bağdadda həyata keçirdiyi son hava hücumunu müdafiə edir


Bağdad şəhərinin mərkəzində İranın dəstəklədiyi yarı-hərbi qruplaşmanın komandirini hədəf alan son hava hücumunun yenidən qəzəbə və ABŞ qoşunlarının ölkədən çıxarılması çağırışlarına səbəb olmasına baxmayaraq, Birləşmiş Ştatların yumşaldığına dair heç bir əlamət yoxdur.

Bunun əvəzində cümə axşamı Vaşinqtonda rəsmilər çərşənbə axşamı həyata keçirilən zərbəni müdafiə edərək, qüvvələrinin növbəti hücumlara məruz qalacağı təqdirdə ABŞ-ın yenidən hərəkətə keçməkdən çəkinməyəcəyi barədə xəbərdarlıq edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında "Biz İraqın suverenliyinə tam hörmət edirik. Lakin baxın, İraq hökumətinin dəvəti ilə orada olan əsgərlərimizə qarşı heç bir hücum olmasaydı, cavab hücumuna ehtiyac qalmazdı" deyib.

ABŞ-ın bir çox hərbi rəsmisi Pentaqondan oxşar mesaj göndərib.

ABŞ Milli Qvardiyasının bürosunun rəisi, general Daniyel Hokanson ABŞ-ın keçən ay İordaniyadakı bazasına Milli Qvardiyanın 3 əsgərinin ölümü və 40 əsgərinin yaralanmasına səbəb olan hücuma münasibətini bildirərək, "Əgər hücum etsəniz və insanlarımıza zərər yetirsəniz, biz sizin kim olduğunuzu bilirik və sizi tapacağıq" deyib.

"Bizə qalan hər şeydən daha çox ödəmək üçün bir qanun layihəsi olacaq" dedi.

ABŞ oktyabrın ortalarında İordaniyadakı "Tower 22" bazasına ölümcül hücumda, eləcə də İraq və Suriyada ABŞ qüvvələrinə edilən 168 hücumun bir çoxunda İraqda "İslami Müqavimət" adı altında fəaliyyət göstərən İranın dəstəklədiyi yarı-hərbi qüvvələri günahlandırıb.

Çərşənbə axşamı həyata keçirilən hava hücumu "Kətaib Hizbullah" qrupunun yüksək rütbəli komandiri Visam Məhəmməd Əl-Səidini hədəf alıb.

ABŞ-ın ilkin bəyanatlarında Əl-Səidinin "bölgədə ABŞ qüvvələrinə qarşı hücumları birbaşa planlaşdırmaq və iştirak etməkdən məsul olduğu" deyilib. Lakin ABŞ rəsmisi cümə axşamı bildirib ki, o, "Kətaib Hizbullah"ın Suriyada ən yüksək rəsmisi olub və ölkədəki bütün əməliyyatlara nəzarət edib.

Əl-Səidinin ölümü ilə nəticələnən zərbə ötən cümə günü Suriya və İraqda İranın dəstəklədiyi qruplaşmaların istifadə etdiyi 7 obyektə endirilən hava hücumlarından sonra həyata keçilib.

ABŞ müdafiə rəsmiləri hesab edirlər ki, bu zərbələr 80-dən çox fərdi hədəfi məhv edib və 40 qruplaşma üzvünü öldürüb ya da yaralayıb.

Bununla belə, təkrar zərbələr İraq rəsmiləri arasında qəzəbi artırıb.

İraq ordusunun sözçüsü Yehia Rəsul cümə axşamı erkən saatlarda Əl-Səidinin ölümü ilə nəticələnən zərbəni "mülki insanların həyatına və ya beynəlxalq qanunlara əhəmiyyət verilmədiyini" göstərən "açıq-aşkar qətl" adlandırıb.

"Bu trayektoriya İraq hökumətinin həmişə olduğundan daha çox, qeyri-sabitlik amilinə çevrilən və İraqı münaqişə siklinə salan bu koalisiyanın missiyasına son qoymağa vadar edir," Rəsul bəyanatda bildirib.

Forum

XS
SM
MD
LG