Accessibility links

Kompüterdəki nasazlıq aradan qaldırıldıqdan sonra ABŞ-da uçuşlar tədricən bərpa olunur


ABŞ Federal Aviasiya İdarəsinin (FAA) bildirdiyinə görə, kompüter sistemlərindən birindəki nasazlıq aradan qaldırıldıqdan sonra ABŞ-da hava hərəkəti əməliyyatları tədricən bərpa olunur.

Bundan əvvəl FAA çərşənbə günü hava şirkətlərinə Hava Missiyaları Sistemindəki problemə görə bütün daxili uçuşları dayandırmasına göstəriş vermişdi. Lakin hazırda bunun "dayandırıldığını" bildirib.

"Biz ilkin problemin səbəbini araşdırmaqda davam edirik" - deyə, ABŞ Federal Aviasiya İdarəsinin Twitter səhifəsində bildirilib.

Nəqliyyat naziri Pit Butticic Twitter səhifəsində "Bu gün səhər təhlükəsizlik məlumatlarının təmin edilməsi üçün FAA ilə əlaqə saxladım. FAA hava nəqliyyatının normal fəaliyyətini bərpa edilməsinə, bu problemi tez və təhlükəsiz şəkildə həll etməyə çalışır" yazıb.

Prezident Co Bayden Butticiclə danışdığını bildirib və Nəqliyyat Nazirliyinə məsələ ilə bağlı birbaşa ona məlumat vermələrini istəyib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Karin Jan-Pyer prezident Co Baydenin Butticic tərəfindən məlumatlandırıldığını və Nəqliyyat Nazirliyini bunla bağlı tam araşdırma aparmağa çağırdığını deyib.

"Hazırda kiber-hücuma dair heç bir dəlil yoxdur, lakin prezident Nəqliyyat Nazirliyinə səbəblərin tam araşdırılmasını tapşırıb. Federal Aviasiya İdarəsi yenilikləri mütəmadi olaraq təqdim edəcək" - deyə, Jan-Pyer bildirib.

Uçuşları izləyən "FlightAware" saytının bildirdiyinə görə, problem haqda məlumat ilk dəfə yerli vaxtla səhər saat 6 radələrində verilib və səhər saat 7-də 1200 uçuş dayandırılıb. Onların əksəriyyəti ABŞ-ın şərq sahillərində cəmləşib.

XS
SM
MD
LG