Accessibility links

ABŞ və digər 9 ölkə Qırmızı dənizdəki qeyri-qanuni hücumlara dərhal son qoyulmasına çağırıb


Birləşmiş Ştatlar və digər 9 ölkə Qırmızı dənizdəki qeyri-qanuni hücumlara dərhal son qoymağa çağırıb və xəbərdarlıq edib ki, hücumçular həyatları, qlobal iqtisadiyyatı və regionun əsas su yollarından daşınmanın sərbəst hərəkətini təhdid etməyə davam edərlərsə, məsuliyyət daşıyacaqlar.

Bu bəyanatla Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Cənubi Koreya, Britaniya və ABŞ çıxış edib.

Bu çağırış ABŞ və Britaniyanın Hollandiya, Kanada, Bəhreyn və Avstraliyanın dəstəyi ilə Yəmənin husilərin nəzarətində olan ərazilərindəki bir sıra hədəflərə birgə zərbələr endirməsindən sonra edilib.

Bəyanatda "Bu dəqiq zərbələr husilərin dünyanın ən mühüm su yollarından birində qlobal ticarəti və xarici dənizçilərin həyatını təhdid etmək üçün istifadə etdikləri imkanları sarsıtmaq və məhv etmək üçün həyata keçirilib" deyilib.

ABŞ müdafiə naziri Lloyd Ostinin bildirdiyinə görə, noyabrın 19-dan bəri husilər ticarət gəmiləri də daxil olmaqla, gəmilərə iyirmidən çox hücum həyata keçirib və bu, kollektiv hərəkət tələb edən beynəlxalq problem yaradıb.

"Bugünkü addımlar naviqasiya azadlığına, beynəlxalq ticarətə və dənizçilərin həyatını qeyri-qanuni və əsassız hücumlardan qorumaq üçün ortaq öhdəliyi nümayiş etdirdi" - deyə, bəyanatda bildirilib.

On ölkə bu addımın gərginliyi azaltmaq və Qırmızı dənizdə sabitliyi bərpa etmək məqsədi daşıdığını deyib.

"Lakin biz aydın şəkildə bildirmək istəyirik: Davam edən təhdidlər qarşısında dünyanın ən mühüm su yollarından birində insanların həyatını və ticarətin sərbəst axınını qorumaqdan çəkinməyəcəyik" - deyə, həmin ölkələr bildirib.

Forum

XS
SM
MD
LG