Accessibility links

ABŞ kəşfiyyatı: Rusiya Silahlı Qüvvələri "kəskin" insan resursları çatışmazlığı ilə üzləşir


Rusiya ordusu
Rusiya ordusu

ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya Ukrayna ilə 6 aylıq müharibədə "kəskin insan resursları çatışmazlığı" yaşayır.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Associated Press agentliyinə deyib ki, Rusiya müharibədə yaralanan əsgərləri xidmətə qayıtmağa məcbur etmək, özəl təhlükəsizlik şirkətlərindən istifadə etmək və hətta məhbusları həbsxanalardan çağırmaqla müxtəlif yollarla qoşun çatışmazlığını həll etməyə çalışır.

Rəsmi əlavə edib ki, kəşfiyyatın müəyyən etdiyi kimi, yaxın gələcəkdə Rusiya Müdafiə Nazirliyi məhkum edilmiş cinayətkarları "əfv və maddi təzminat müqabilində" orduya cəlb edəcək.

ABŞ hökuməti Rusiya prezidenti Vladimir Putinin ötən həftə silahlı qüvvələrin sayının 137 min nəfərdən 1,15 milyon nəfərə qədər artırılması haqqında fərman verdiyinə diqqət çəkib.

Putinin yanvarın 1-dən qüvvəyə minən fərmanında bu artımın daha çox çağırışçı, könüllülərin sayının artırılması və ya hər ikisinin hesabına əldə ediləcəyi göstərilmir.

Bəzi rusiyalı hərbi təhlilçilər könüllülərə əhəmiyyətli rol veriləcəyini və bunun Kremlin hərbi xidmətə çağırışları artırmaq cəhdinin mümkün nəticələri ilə bağlı narahatlığını əks etdirdiyini irəli sürürlər.

Prezidentin fərmanında deyilir ki, Rusiya silahlı qüvvələrinin ümumi səlahiyyətli sayı 1,15 milyon hərbi qulluqçu daxil olmaqla 2,04 milyon nəfərə çatdırılsın.

2018-ci ilin əvvəlində qüvvəyə minən əvvəlki fərmanla bu rəqəmlər müvafiq olaraq 1,9 milyon və 1,01 milyon təyin olunmuşdu.

ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl avqust ayında jurnalistlərə bildirmişdi ki, Birləşmiş Ştatlar müharibənin ilk aylarında Rusiyanın böyük itkilər verdiyini təxmin edir.

"Müharibədə çox qeyri-müəyyənliklər var, amma məncə, 6 aydan az müddətdə rusların itkilərinin 70-80 min olduğunu söyləmək düzgün olar. Bura ölülər və yaralılar daxildir və sayı bir az daha az və ya bir az çox ola bilər, amma məncə, təxminən elə bu qədərdir" – deyə, o qeyd edib.

Müharibə boyu ABŞ Rusiyanın dezinformasiya əməliyyatları ilə bağlı planlarını açıqlamaq və ya Ukrayna ilə müharibə apararkən Rusiyanın çətinliklərinə diqqəti cəlb etmək üçün mütəmadi olaraq kəşfiyyat məlumatlarının məxfilik səviyyəsini aşağı salıb və onları yayımlayıb.

Bu həftənin əvvəlində Bayden administrasiyası Rusiyanın Ukraynadakı müharibədə istifadə üçün bu ayın əvvəlində Tehrandan aldığı İran istehsalı dronlarla bağlı texniki problemlərlə üzləşdiyini bildirib.

Mohajer-6 və Şahed pilotsuz təyyarələri avqust ayında bir neçə gün ərzində Rusiyaya uçub, və Bayden administrasiyası da bunun Rusiyanın Ukraynada istifadə üçün İran pilotsuz təyyarələrini əldə etmək planının bir hissəsi olduğunu irəli sürüb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə günü bildirib ki, Rusiya "müəyyən çətinliklərlə" üzləşib və İranın pilotsuz təyyarələrini aldıqdan bəri onların "bəzi imkanları ilə bağlı məhdudiyyətlərlə" üzləşib.

XS
SM
MD
LG