Accessibility links

Miçiqan ştatında universitetdə baş verən atışmada azı 3 nəfər ölüb


Miçiqan Dövlət Universitetində bazar ertəsi gecə baş verən atışma zamanı azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Kampus polis idarəsinin müvəqqəti rəis müavini Kris Rozman çərşənbə axşamı səhər jurnalistlərə bildirib ki, yaralıların hamısı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Rozman atəş açan şübhəlinin 43 yaşlı bir kişi olduğunu və sonradan kampusun kənarında özünü güllə ilə vurub öldürdüyünü bildirib. O, şübhəlinin "hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşılaşdığını" deyib.

Rozman şübhəlinin universitetlə heç bir əlaqəsi olmadığını deyib.

"Onun nəyə görə bunu etmək üçün gecə kampusa gəldiyi haqda heç bir fikrimiz yoxdur. Bu, bizim davam edən araşdırmamızın bir hissəsidir" - deyə, Rozman bildirib.

Atışma tədris binasında başlayıb və qısa müddət sonra yaxınlıqdakı Tələbə Həmkarlar İittifaqının binasında daha çox atəş açılması ilə davam edib ki, bu da rəsmiləri kampusdakılara yerlərində qalmaq əmri verməyə vadar edib.

Universitetin müvəqqəti prezidenti Teresa Vudruff jurnalistlərə açıqlamasında "Bizim kampus kədərlidir. Hamımız kədərliyik və zaman keçdikcə dəyişəcəyik. Bunun təkrarlanmasına icazə verə bilmərik" deyib.

Universitet 48 saat müddətinə kampusdakı bütün tədbirləri ləğv edib.

Miçiqan ştatının Detroyt şəhərindən 145 kilometr şimal-qərbdə yerləşən East Lansing şəhərindəki kampusunda təxminən 50 min tələbə təhsil alır.

XS
SM
MD
LG