Accessibility links

ABŞ limanlarını kiberhücumlardan qorumaq üçün hərəkətə keçir


Ağ Ev ABŞ limanlarında kiber-təhlükəsizliyi artırmaq məqsədi daşıyan islahatlar həyata keçirir. Onların bəziləri Çinlə əlaqəli hakerlərin təsiri altına düşmək təhlükəsi ilə üzləşir.

Prezident Co Bayden Çərşənbə günü minimum təhlükəsizlik tələblərinin mümkün qədər tez yerinə yetirilməsini təmin etmək məqsədi ilə limanlarda və digər dəniz obyektlərində kibertəhlükəsizliyə görə məsuliyyəti ABŞ Sahil Mühafizəsinə həvalə edən sərəncam imzalamağa hazırlaşır.

Sərəncam, həmçinin Sahil Mühafizəsi xidmətinə obyektlərin və gəmilərin kibertəhlükəsizliyi üzrə yoxlamalar aparmağa, hətta ABŞ limanlarına kiber təhlükə törətməkdə şübhəli bilinən gəmilərin hərəkətini məhdudlaşdırmağa imkan verəcək.

Dəyişikliklə həmçinin dəniz obyektlərinə kiberhücumlar barədə məcburi məlumat verilməsi tələb olunur.

“Onların [ABŞ limanlarının] əməliyyatlarının davamlılığı ölkəmizin uğurlarına, iqtisadiyyatımıza və milli təhlükəsizliyimizə aydın və birbaşa təsir göstərir,” - Ağ Evin Milli Təhlükəsizlik Müşavirinin müavini An Noyberqer jurnalistlərə deyib. “Kiberhücum fırtına və ya digər fiziki təhlükə ilə eyni dərəcədə, bəlkə də daha çox zərər verə bilər”.

ABŞ-da təxminən 31 milyon amerikalının işlədiyi 300-dən çox liman var. ABŞ rəsmiləri deyirlər ki, bu limanlar dünyanın hər yerindən yüklərin əsas giriş nöqtəsi kimi xidmət etməklə yanaşı, ölkə iqtisadiyyatına təxminən 5,4 trilyon dollar töhfə verir.

Sahil Mühafizə Xidmətinin Kiber Komandanlığının komandiri kontr-admiral Con Vann, “MTS-də (Dəniz Nəqliyyatı Sistemi) istər süni, istər təbii, istər fiziki, istərsə də kiberməkanda hər hansı bir nasazlıq bizim daxili və ya qlobal təchizat zəncirlərimizə ardıcıl təsirlərə səbəb ola bilər” deyib.

Vannın sözlərinə görə, sərəncam Sahil Mühafizə Xidmətinə “kiber təhdidlər qarşısında tədbir görmək üçün aydın səlahiyyət” verir.

ABŞ rəsmiləri artıq ABŞ-dakı limanlarda və dəniz obyektlərində yüklərin yüklənməsi və boşaldılmasında istifadə edilən 200-dən çox Çin istehsalı gəmi-sahil kranları barədə həyəcan təbili çalıblar.

"Dizayn baxımından, bu kranlar uzaq yerlərdən idarə oluna, xidmət göstərə və proqramlaşdırıla bilər" deyən Vann onları “sui-istifadəyə açıq" adlandırıb.

Bundan öncə The Wall Street Journal xəbər vermişdi ki, ABŞ müdafiə rəsmiləri kranların Çin tərəfindən ABŞ-a daxil və ABŞ-dan çıxarılan mallarla bağlı casusluq etmək üçün istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər.

Ancaq həmin narahatlıqlar ABŞ hüquq-mühafizə orqanları və kibertəhlükəsizlik rəsmiləri son həftələrdə Çinlə əlaqəli hakerlərin ölkə daxilində kritik sistemlərdə və kompüter şəbəkələrində gizləndikləri və Pekinin əmr verəcəyi təqdirdə hərəkəyə keçməyə hazırlaşdıqları barədə dəfələrlə xəbərdarlıq etdikdən sonra artıb.

Çinin Vaşinqtondakı səfirliyi Çin istehsalı kranların yaratdığı təhlükə ilə bağlı son ittihamlarla əlaqəli suallara hələ ki, cavab verməyib.

Lakin Çin dəfələrlə ABŞ-ın qeyri-qanuni kiber fəaliyyəti ilə bağlı ittihamlarını rədd edərək, iddiaları məsuliyyətsiz adlandırıb və keçən ay Amerikanın Səsinə bildirib ki, Pekin “hakerlik hücumlarına və informasiya texnologiyalarından sui-istifadəyə qarşı qətiyyətli olub.”

Forum

XS
SM
MD
LG